Azərbaycanda siqaret bahalaşacaq?

 

2021-ci ildə Azərbaycana gətirilən siqaretlərin təxminən 70 faizi Ukraynadan idxal olunub. Bu ölkədən Azərbaycana 12,093 milyon ABŞ dolları dəyərində 482,7 milyon ədəd siqaret gətirilib. Eyni dövrdə Azərbaycanda 14,351 milyard ədəd papiros və siqaret istehsal edilib ki, onun da 316,31 milyon ədədi ixrac edilib. Ukraynadan siqaret tədarükü daxili istehsalın cüzi bir hissəsini təşkil edib.

Azərbaycan Ukraynadan həm də emal edilmiş çəkməli tütün alır. Ötən il bu məhsulun cəmi idxalının dəyər ifadəsində 98,2 faizi, kəmiyyət olaraq – 96,9 faizi Ukraynanın payına düşüb. Ukraynadan 4 466,95 ton tütün alınıb.

Eyni dövrdə Azərbaycanda 4 min 237,6 ton fermentləşdirilmiş (tütün məmulatının istehsalı üçün təbii və texnoloji prosesi keçmiş tütün yarpağı) tütün istehsal edilib. Yəni daxili siqaret istehsalı əhəmiyyətli dərəcədə Ukrayna tütünündən asılı vəziyyətdədir. Nəzərə almaq lazımdır ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlaması səbəbindən Ukraynadan hazırda tütün almaq imkanlarımız sıfıra bərabərdir və ən azı yaxın 1-2 ayda tədarükün bərpa olunacağına dair hazırda heç bir əsas yoxdur. Bu isə daxili bazarda siqaretin təklifinə və onun qiymətlərinə təzyiq göstərəcək faktor ola bilər.

Digər tərəfdən, Nazirlər Kabinetinin qərarına əsasən aprelin 13-dən aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədəd üçün 43 manatdan 46,5 manata, eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1 000 ədəd üçün 12,9 manatdan 14 manata qaldırması son məhsulun qiymətində öz əksini tapacaq.

Millət vəkili Rüfət Quliyev  açıqlamasında bu mövzuda problem olduğunu təsdiqləyib:

“Həqiqətdir ki, asılılıq olmasa belə, Ukrayna və Rusiya ilə dərin iqtisadi və maliyyə münasibətləri var. Ölkəmizə işləyən siqaret fabrikləri siqaretin istehsalında lazım olan məhsulları qismən Ukraynadan və Rusiyadan alır. Təbiidir ki, hazırda baş verənlərin təsiri olacaq. Nəqliyyat, tranzit, logistika sahəsində ciddi problemlər yaşanacaq. Amma bu təsirin fəlakət olduğunu deməzdim. Bu, təbii olan məsələdir, baş verənlər tək bizə yox, bütün dünyaya təsir edir”.

Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Rövşən Şərifov mövzu ilə əlaqədar bildirib ki, tütünün istehsalı və emalı ilə bağlı heç bir problem gözlənilmir:

“Biz tütünün toxumunu və lazım olan avadanlıqların ehtiyat hissələrini Amerikadan alırıq. Bu mənada, heç bir problem yaşamamalıyıq. Tütünün satışında isə indiyə qədər xarici bazarda gərginliyimiz var idi. Çünki bizdən Rusiya çox az siqaret alırdı. Həmçinin Belarus da ixracatçılarımız arasındadır. Mənə elə gəlir ki, indi proseslər Rusiyanı bizdən siqaret məhsulları almağa məhkum edəcək.

Ölkəmizdə tütün maksimum 2 min ton emal olunur. Onun da çox hissəsi anbarda qalır, heç satılmır. Yəni yerli tütün satışa yararlı deyil. Yəqin ki, bundan sonra Ukrayna bazarı digər bazarla əvəzlənəcək. Çünki orada olan zavodlar digər ölkələrdə də var. Ola bilsin, biz də həmin ölkələrdən alaq. Qiymətlərdə yəqin ki, fərq ola bilər. Çünki məhsul uzaq ölkədən gələrsə, nəqliyyat xərcləri də artacaq”.

Alternativ ölkələrə gəlincə R.Şərifov bildirib:

“Siqaret çeşidləri çox genişdir. Tələbat olan siqaretlərin hansı ölkədə zavodları varsa, oradan da alına bilər. Əhalinin siqaretə olan tələbatını qarşılamaq üçün hansısa bir gərginliyin yaranmasını gözləmirəm”.

Azərbaycanda siqaret istehsalı ilə məşğul olan şirkətlərdən birinin maliyyə nəzarətçisi Rüstəm Məmmədli bildirib ki, ötən illərdə biz Ukraynadan daha çox hazır məhsul idxal etdiyimiz üçün statistik rəqəmlərdə idxal payı çox görünür:

“Hazırda elektron siqaretdən başqa bütün siqaretlər yerli bazarda istehsal olunur. Konkret olaraq bizim şirkətə Rusiya və Ukrayna arasında baş verən müharibənin heç bir təsiri yoxdur. Çünki bizim müəssisə siqaret istehsalı üçün lazım olan məhsulları bu ölkələrdən gətirmir. Əsas idxalçımız Türkiyədir. Daha sonra Braziliya, Argentina və yerli bazardan lazım olan məhsulları alırıq”.

R.Məmmədli siqaret qiymətlərinin artımını istisna edib:

“Tütün məhsullarında süni qiymət artımı mümkün deyil. Çünki aksiz vergisi tətbiq edilir. Maya dəyəri qalxdığı təqdirdə siqaretin qiyməti qalxa bilər. Rusiya və Ukraynadan asılılığımız olmadığı üçün konkret olaraq bizim şirkətin qiymət artımı etməsi mümkün deyil”./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password