Putinin Ukrayna planı: “Yeni xəritə çəkir, buna görə…” – Şok iddia
“Rusiya ordusunun əməliyyat planı Ukraynanın parçalanması ssenarisinə görə tərtib edilib. Bu plan meydanda addım-addım həyata keçirilir. Dnepr çayını izləyən yeni xəritə çəkirlər. Dünya yaxın dövrdə Krım, Azov və Qara dənizlərlə bağları kəsilmiş Qərbi Ukrayna və Rusiyanın nəzarətində olan Şərqi Ukrayna reallıqları ilə üzləşəcək”.
Bunu türkiyəli professor, strateq Toğrul Camaş deyib.
Ekspert Rusiya lideri Vladimir Putinin Ukraynanı bölməklə yanaşı, dondurulmuş münaqişə zonaları da yaradacağını iddia edib: “Putin NATO və Rusiya arasında bufer xətti qurmaq istəyir”.
Onun sözlərinə görə, Rusiya Donetsk-Luqansk taktikasını Xerson üçün də həyata keçirməyə hazırlaşır:
“Qərbin ağır sanksiyaları altında olan Moskvanın planı Luqansk-Donetsk ilə birlikdə Xerson, Xarkov, Nikolayev, Melitopol, Berdyansk və Zaporojye şəhərlərinin daxil olduğu ərazilərdə Rusiyanın nəzarətində olan rejimlər yaratmaqdır”.
Dnepr çayının “həlledici xətt” olduğunu vurğulayan Çamaş sözügedən çayın şərqində yerləşən Xarkov şəhərinin də Rusiya üçün əhəmiyyətli olduğunu və nəzarət altına alınmasını istədiyini deyib.
Ekspert Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara da toxunub:
“Qərbin hədəfi Putini və Rusiyanı sanksiyalarla dünyadan və qlobal sistemdən təcrid etməkdir. Bu mənada Rusiya yaxalanıb. Həm iqtisadi, həm hərbi, həm də siyasi tələyə düşüb”.
Camaş iddia edib ki, rus ordusu Kiyevi mühasirəyə alacaq və onu blokadada saxlayacaq, Zelenski hökumətinin süqutunu gözləyəcək./teleqraf.com