10 min tələbənin taleyi necə olacaq? – “Təhsil Nazirliyi bu tələbələri siyahıya almalıdır”
Rusiyanın Ukraynaya hücumu bu ölkədə yaşayan soydaşlarımızı da çətin vəziyyətdə qoyub. Rusiyanın işğalçı siyasəti nəticəsində minlərlə azərbaycanlı Ukraynanı tərk etmək məcburiyyətində qalıb. Həmçinin bu ölkədə təhsil alan azərbaycanlı tələbələr də təhsillərini yarıda saxlayaraq, vətənə qayıdıblar.
Məlumat üçün qeyd edək ki, Ukrayna azərbaycanlıların ən sıx məskunlaşdığı ölkələrdən biridir. Rəsmi statistikaya əsasən, muharibədən əvvəl Ukraynada iki yüz mindən artıq azərbaycanlı yaşayırdı. Bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin sayının 10 mindən artıq olduğu bildirilir. Ukraynada ali təhsil almaq nisbətən asan və münasib olduğundan, hər il bu universitetlərə minlərlə azərbaycanlı müraciət edir. Azərbaycanlı tələbələr əsasən Kiyev və Xarkovda yerləşən universitetlərdə təhsil alırlar. Ancaq hazırda muharibənin əsas mərkəzinə çevrilən bu şəhərlərdə nəinki təhsil almaq, sağ qalmaq belə çətindir. Ukraynadakı vəziyyətin nə zaman normallaşacağı isə məlum deyil.
Amma gerçəklik budur ki, muharibə yaxın tarixdə bitsə belə, Ukraynada həyat əvvəlki kimi olmayacaq. İşğalçılar hər gün Ukraynadakı yaşayış binalarını, infrastrukturları, hətta məktəb və bağçaları belə bombaladıqlarından, bu ölkədə həyatın əvvəlki axarına dönməsi üçün hələ bir neçə il vaxt lazım olacaq. Belə olan halda azərbaycanlı tələbələrin Ukraynaya qayıdaraq təhsillərini davam etdirmələri o qədər də real görünmür. Hazırda 10 mindən artıq tələbənin gələcək taleyi böyük sual altındadır.
Bu məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərinə transferi müzakirə olunmur. Bir neçə gün öncə brifinqdə Təhsil naziri Emin Əmrullayev də bu məsələyə öz münasibətini bildirərkən deyib ki, Ukraynada təhsil alan tələbələrin Azərbaycan universitetlərində təhsillərini davam etdirməsi ilə bağlı məsələ hazırda müzakirə mövzusu deyil.
Ekspert qeyd edir ki, Ukraynadakı vəziyyət normallaşana qədər tələbələr distant formada təhsil ala bilərlər: “Ukraynadakı hərbi əməliyyatların nə qədər davam edəcəyi məlum deyil. Tələbələrin əksəriyyəti muharibə uzanacağı təqdirdə çıxış yolu kimi Azərbaycan universitetlərinə köçürülmələrini istəyirlər. Amma hazırki qanuna görə akkreditə olunmayan xarici ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan universitetlərinə köçürülməsi mümkün deyil”.
K.Əsədov qeyd edib ki, bir ali təhsil müəssisəsindən digər universitetə köçürülmək, eləcə də təhsil formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər əvvəlcə Təhsil Nazirliyi tərəfindən yoxlanılır: ”Tələbə-məzun dövlət elektron məlumat sistemi üzrə sənədlərə baxılır, xaricdən köçürülən tələbənin beynəlxalq imtahan nəticələri, təhsil aldığı müəssisənin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və s. yoxlanıldıqdan sonra müvafiq qərar qəbul edilir. Xarici ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.
Bu qaydalardan məlum olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin ölkəmizdəki ali təhsil ocaqlarına köçürülmələri mümkün deyil. Çünki onlar bu ölkədəki ali təhsil müəssisələrinə attestat və daxili imtahan əsasında qəbul olublar. Düşünürəm ki, Təhsil Nazirliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrin ixtisasları üzrə ölkəmizin ali təhsil müəssisələrinə köçürülmələrini və onların burada təhsillərini davam etdirmələri üçün müvafiq qərar qəbul etməlidir”./azpolitika.info