Anar Quliyevlə Eldar Əzizov birliyi Bakı şəhərində memarlıq normalarını belə pozur
“Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var”.
Prezident bildirib ki, dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır.
“Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”.
Bunları prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.
Göründüyü kimi Prezident İlham Əliyev Bakı şəhərində vaxtı ilə inşa edilmiş, memarlıq normalarına uyğun gəlməyən yöndəmsiz binalardan bəhs edir və bu məsələyə nəzarət edən orqanlara işlərinə ciddi yanaşmalarını tapşırır. Qeyd edək ki, ölkə başçısının Bakı şəhərində memarlıq əmsallarına uyğun gəlməyən tikinti işlərinin aparılması barədə iradları və tapşırıqları birinci dəfə deyil. Prezident İlham Əliyev daha əvvələr də paytaxtda özbaşına aparılan tikinti işlərindən narahatlığını dəfələrlə ifadə etmişdi. Xatırlatmaq istərdik ki, hələ 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən də Prezident İlham Əliyev Bakı şəhərində tikinti işlərinin memarlıq normalarına uyğun olaraq aparılmadığını bildirmişdi. Həmin görüşdə Prezident qeyd etmişdi ki,
“Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq.”
Prezident İlham Əliyevin etimad göstərərək iki il bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin etdiyi Anar Quliyev ölkə başçısının tapşırıqlarını yerinə yetirə bilirmi?
Bunun üçün internet axtarış resursları üzərindən kiçik bir araşdırma aparmaq kifayət edər. Son iki ildə Bakı şəhərində qanunsuz yollarla zəbt edilmiş torpaq sahələrində, yaşıllıqları məhv edərək, memarlıq normalarına uyğun aparılmayan tikinti işləri barədə yüzlərlə məlumat tapmaq mümkündür. Xüsusilə qeyd etmək istərdik ki, 2018-ci ildə Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra bu kimi hallar daha da artmağa başlayıb. Bakının ayrı-ayrı rayonlarında yaşıllıqlar məhv edilir, yerində müxtəlif təyinatlı obyektlər tikilir. Amma bunun qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni funksiyalar və səlahiyyətlər verdi ki, Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Amma görün memarlıq normalarına uyğun olmayan obyektlər necə tikilir.
Aktualinfo.org bir neçə gün əvvəl Xətai rayonunda, Ukraina dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikintisinə başlanılmış obyekt barədə məlumat yaymışdı. Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də sözügedən ərazidən çəkilib. Şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kim verib və memarlıq normalarına uyğun aparılırmı?
Ötən yazıda qeyd etdiyimiz kimi ötən ilin avqust ayında Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki prezidentin buraya gəlib, getməsini gözləyirmiş. Deyilənlərə görə dəfələrlə icra hakimiyyətinin dəhlizində Sabir müəllimin sənədinin gecikməsi müzakirə olunanda hamı “acılışdan sonraya qaldı” deyirmiş. Elə də olur. Yuxarıda göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır. Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə məkan tikməyə başlayır. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib. Və o dovrün peyk şəkillərinə baxılsa həmin yaşıllıqda necə illik şam ağaclarının məhv edildiyi aşkar olunar.
Məlumatlara görə restoranın sahibi Sabir adlı şəxs keçmiş Baş prokuror Zakir Qaralovun yaxın adamlarından olub Xətai rayonundakı bir çox işlərinə ortaqlıq edən məhşur iş adamıdı. Restoranın tikilərək ərsəyə gəldiyi dövrlərdə ona Zakir Qaralov arxalıq edib. Zakir Qaralov Baş prokurorluqdan getdikdən sonra şəriklərinin durumunun ağır olduğu bildirilsə də, “El Chacho” restoranın sahibinin timsalında bunun heç də belə olmadığı görsəndi. Qeyd etdiyimiz kimi O, “El Chacho”- nun ərazisini yaşıl soyqırım həyata kecirməklə genişləndirir. Deyək ki, əvvəllər ona Zakir Qaralov himayədarlıq edib. Bəs indi?
İndiki mənzərə də göz qabağındadır. Prezident İlham Əliyev hələ 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən tapşırmışdı ki, “Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər.” Martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən isə Prezident İlham Əliyev bildirdi ki, “Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları.”
Belə olan halda Prezident İlham Əliyevin iradəsinin əleyhinə olaraq Xətai rayonunda, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibinə memarlıq normalarına uyğun olmadan, yaşıllıqları məhv edərək yerində obyekt tikməyə kim rəy verib, kim icazə verib? Təbii ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan başqa heç kim?
Aktualinfo.org