“Azərbaycanda əmlak bazarı çökəcək… ” – SƏBƏBLƏR AÇIQLANDI

 

Hazırda Rusiya və Ukrayna arasında müharibə davam edir. Bəzi ölkələr Rusiyaya Ukraynaya hücumu ilə bağlı sanksiyalar tətbiq ediblər. Rusiyanın milli valyutası rublun məzənnəsi də son günlər ürəkaçan deyil. Belə ki, bu gün Moskva birjasında dollar və avronun məzənnələri öz tarixi maksimumlarını yeniləyib. Dollar 110 rublu, avro isə 122 rublu ötüb.

Hər iki ölkədə çox sayda azərbaycanlının yaşadığını nəzərə alsaq, gedən proseslərin ölkəmizə hərtərəfli təsir edəcəyi qaçılmazdır. Sözügedən ölkələrdə yaşayan, biznes quran azərbaycanlıların sayı kifayət qədərdir. Orada pul qazanan həmvətənlərimiz həmin pulları öz yaxınlarına göndərir, eyni zamnada vətəndə özlərinə əmlak alırdılar.

İndi proseslərin mürəkkəbləşməsi bu sahədə də bir sıra sualları ortalığa çıxarıb. Rusiyadan gələn pulların azalması mənzil bazarına təsiri maraq doğurur. Əmlak bazarının bir hissəsi də həmin pullar hesabına ayaqda qala bilib.

Bəs bütün bunlar əmlak bazarına, mənzillərin qiymətinə necə təsir edəcək? Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Rusiyaya tətbiq olunan sanksiyalar orada yaşayan azərbaycanlılara birbaşa təsir edəcək:

“Rusiyada təxminən 2 milyondan çox azərbaycanlı yaşayır. Bunların bəzilərinin ikili vətəndaşlığı var, bəziləri vətəndaşlıq almayıblar. Azərbaycan xalqında genetik ötürülən adət-ənənə var. Harada işləməsindən asılı olmayaraq, hər kəs çalışır ki, qazandığı pulu əmlaka yatırsın.

Xarici ölkədə yaşasa da, yatırımlarını Azərbaycana ediblər. Bunu xüsusilə, Rusiyadan gələn alıcı kütləsinə görə deyirəm. Müharibənin baş verməsi istər insan itkiləri, istərsə də iqtisadi çöküş baxımından yaxşı bir hal deyil. Tikinti materiallarının bir hissəsi ölkəmizə həm də Ukraynadan gəlirdi. İndi orada müharibə getdiyi üçün yəqin ki, gəlməyəcək və bu da qiymət artımına gətirib çıxaracaq. Nəticədə tikinti xərcləri artacaq.

Başqa bir tərəfdən isə Rusiyaya tətbiq olunan sanksiyalar Rusiyada yaşayan azərbaycanlıların da ümumi vəziyyətinə mənfi təsir göstərəcək. Çünki orada yaşayan azərbaycanlıların böyük əksəriyyəti hər hansısa bir bizneslə məşğuldur. Ümumi vəziyyətin pisləşməsi onların da gəlirlərinin azalmasına gətirib çıxarır. Rusiyadan gələn məlumatlara görə, ölkədə çox ciddi şəkildə dollar qıtlığı var. Rublun məzənnəsi düşüb, dolların qiyməti artıb. Bu da sahibarkarlar üçün zərərli bir şeydir. Çünki məhsulların çoxu xarici ölkələrdən gəldiyinə görə, alış-verişlər də dollarla aparılır”.

Ekspert xatırladıb ki, 2015-ci ildəki devalvasiyada əmlak qiymətləri kəskin şəkildə enib:

“2015-ci ildə devalvasiya oldu, dolların qiyməti qalxdı, rublun qiyməti kəskin şəkildə düşdü. Həmin dövrdə rusiyadan Azərbaycana çox sayda soydaşlarımız gəldilər və buradakı əmlaklarını kütləvi surətdə satışa çıxarıb satdılar. Bu, müxtəlif səbəblərdəndir. Rusiyada həmin dövrdə dollar qalxanda daşınmaz əmlaklar rublla olduğu qiymətdə qaldı, amma dolların qiyməti qalxdı.

Bəziləri burada evlərini, obyektlərini satıb, dollar çevirib gedib orada dəyişərək daha böyük əmlaklar aldılar. Bəziləri hansısa biznesləri çökməsin deyə onu ayaqda saxlamaq üçün pul xərcləmək məcburiyyətində qaldılar. Həmin dövrdə kütləvi surətdə əmlaklar satışa çıxdı, daşınmaz əmlakların qiymətində enmələr oldu. Hazırda Rusiya həmin və ondan da pis vəziyyətə doğru gedir. Tətbiq olunan sanksiyalar həm Rusiyaya, həm də Rusiyada yaşayan azərbaycanlılara, dolayısı ilə Azərbyacana gələn məhsullara da öz təsirini göstərəcək. Əgər proses yubansa, həmin problemlər yenidən təkrarlansa, oradakı azərbaycanlılar əmlaklarını kütləvi satışa çıxarsalar qiymətlərdə enmələr olacaq. Həm də böyük formada eniş olacaq”.

Hazırda əmlak bazarında durğunluq olduğunu deyən Elnur Fərzəliyev ucuz qiymətə mənzillərin satışa çıxarılmasının ümumi bazarın dəyərinin aşağı saldığını xatırladıb:

“Yaxın günlərin gözləntiləri budur. Artıq 2-3 gündür ki, Rusiyadan buradakı qiymətləndiricilərə, əmlak ofislərinə buradakı evlərin qiymətləndirilməsi və satışa çıxarılması ilə bağlı çox zənglər gəlir. Hamı gözləyir ki, müharibə tez bitsin, problem aradan qalxsın. Proses davam eləsə, əmlak bazarımızda qiymətlərin enməsi və ümumi çöküş qaçılmaz olacaq”./cebhe.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password