İnflyasiyanın sürəti bu tarixdən etibarən azalacaq – İqtisadçıdan PROQNOZ
Xəbər verdiyimiz ki, fevralın 21-də Baş nazir Əli Əsədov tərəfindən “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalanıb.
Belə ki, sözügedən sərəncamda bir sıra nazirliklər və qurumlar tərəfindən inflyasiyanın qarşısının alınması məqsədilə görülməli olan tədbirlər öz əksini tapıb.
Sərəncamda əks olunan müddəaları şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov ilk növbədə antiinflyasiya siyasəti çərçivəsində görülən tədbirləri diqqətə çatdırıb:
“Hökumətin antiinflyasiya tədbirləri hələ ötən ilin sonlarından başlanılıb. İlk növbədə Mərkəzi Bankın uçot dərəcələrini bir neçə dəfə artırması və bu ilin yanvarında bu dərəcəni yenidən 7,5%-ə qaldırılması ilkin inflyasiya tədbirlərindədir. Bu iqtisadi metod dünya təcrübəsində də özünü doğruldub.
Ardınca isə anitiflyasiya tədbirləri çərçivəsində kompleks şəkildə məsələyə yanaşmaq üçün işçi qrup yaradıldı. Bura minimum istehlak səbətinə daxil olan məhsulları dəqiqləşdirərək həmin məhsullara əlçatanlığın təmin olunması və bazarlarda satış qiymətlərinin əlverişli səviyyəyə çatdırılması üçün müvafiq addımların atılması daxildir”.
Ekspert antiinflyasiya siyasətini reallaşdırmaq məqsədilə görülməsi nəzərdə tutulan tədbirlərə də toxunub:
“Bunları reallaşdırmaqdan ötrü, gömrükdə saxlanc, yükləmə, eləcə də boşaltma xərclərinin optimallaşdırılması ilə bağlı tədbirlərin görülməsi planlaşdırılır. Eləcə də minimum istehlak səbətinə daxil olan strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərin hazırlanması tapşırılıb. Əlavə olaraq da, Azərbaycanda qiymət manipulyasiyasına qarşı tədbirlərin görülməsi məqsədilə müvafiq orqanlara tapşırıqlar verilib. Eləcə də, minimum istehlak səbətinə daxil olan məhsullarla daxili bazarın təchizatının yaxşılaşdırılması müvafiq tədbirlərdir”.
İqtisadçının fikrincə, hökumət tərəfindən antiiflyasiya tədbirlərinin kompleks şəkildə nəzərə alınması müsbət nəticə verə bilər:
“Bütün bu faktlar inflyasiya sürətinin qarşısının alınmasına öz köməyini göstərəcək. İstər faiz dərəcələrinin artırlması, istər əmək haqlarının yüksəldilməsi, istərsə də süni qiymət artımına qarşı bazarlara nəzarətin həyata keçirilməsi (68 rayon və şəhər üzrə nəzarət prinsipləri həyata keçiriləcək) kimi addımlar antiinflyasiya tədbirlərinin tərkib elementləridir. Nəticə etibarilə qeyd edim ki, bir sərəncamla, fərmanla heç vaxt inflyasiyanın qarşısını almaq olmur. Lakin bunun qarşısını almaq olmur deyə biganə qalmaq da mümkün deyil. Hökumət tərəfindən haqlı olaraq bu məsələyə kompleks şəkildə yanaşılır”.
Sonda isə Eldəniz Əmirov inflyasiyanın sürətinin azalacağı tarixlə bağlı proqnozlarını bölüşüb:
“Biz bunun effektlərini də artıq görməyə başlayırıq. Belə ki, inflyasiya meyillərinin azalması müşahidə olunur. Düşünürəm ki, bu ilin mayından və ya iyunundan etibarən inflyasiya sürətinin azalacağını müşahidə edəcəyik”./bizim.media