Zelenski Ukraynanın ehtiyatda olan hərbçilərini orduya çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin ehtiyatda olan hərbçilərinin orduya çağırıldığını elan edib.
Bu barədə Rusiya mətbuatı xəbər verib.
Zelenski bildirib ki, o, Ukrayna ordusuna ehtiyatda olan hərbçilərin çağırılması haqqında fərman verib.
“Bu gün ümumi səfərbərliyə ehtiyac yoxdur. Biz Ukrayna ordusunu və digər hərbi birləşmələri tez bir zamanda yekunlaşdırmalıyıq. Mən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi xüsusi müddət ərzində ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması ilə bağlı fərman vermişəm”, – dövlət başçısı ukraynalılara müraciətində deyib.
Ukrayna liderinin sözlərinə görə, yaxın vaxtlarda ehtiyatda olan ərazi müdafiəçiləri üçün təlim keçiriləcək.
Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.