Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub.

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş olub.

Görüşdə Mişustin bildirib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə Moskva ilə Bakı arasında münasibətləri yeni səviyyəyə qaldıracaq.

Rusiya hökumətinin sədri pandemiyaya baxmayaraq, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın gücləndiyini də qeyd edib. O, kənd təsərrüfatı, infrastruktur, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq üçün böyük potensialdan danışıb. Mişustinin sözlərinə görə, Moskva rusiyalı sahibkarların Azərbaycanda biznes missiyalarının davam etdirilməsində maraqlıdır.

Baş nazir, həmçinin iki ölkənin koronavirusa qarşı birgə mübarizə apardığını da xatırladıb, Rusiyanın Azərbaycana test sistemləri ötürdüyünü, 220 min dozaya yaxın vaksin tədarük etdiyini və həkim briqadaları göndərdiyini qeyd edib.

Öz növbəsində İlham Əliyev bildirib ki, onun Moskvaya səfəri Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər tarixində qalacaq.

Dövlət başçısı iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına göstərdiyi şəxsi diqqətə görə Mişustinə təşəkkür edib.

Prezident əmin olduğunu bildirib ki, ikitərəfli ticarətdə artım potensialı tükənməyib və onun artması üçün ilkin şərtlər var.  “Bu şərtlər ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı zəmin yaradır”, – İlham Əliyev əlavə edib.

İmzalanan bəyannamədən danışan Azərbaycan Prezidenti bunu ikitərəfli müqavilə-hüquq bazası portfelində xüsusi sənəd adlandırıb.

“Əminəm ki, bu, ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”, – deyə Azərbaycan lideri bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password