Bacımı dəyənəklə döyürdü – Həyat yoldaşını qətlə yetirən polisin məhkəməsindən

 

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən mərhum zərərçəkmişin qardaşı Asif Əliyev bildirib ki, ailə arasında söz-söhbətlər olub.

“Bacım mənə bir dəfə zəng elədi ki, qardaş, gəl məni götür, özümü öldürəcəm, bu adamla yaşaya bilmərəm. Onu polis dəyənəyi, təpiklə döymüşdü. Qızı vermədik. Gəldi qızı götürməyə, təkbətək söhbətimiz oldu. Sivil qaydada başa saldım ki, bu cür həyat davam etməz. Uzun söhbətdən sonra gördüm ki, başa düşdü məni. Sonra barışıq oldu, bacımı götürüb apardı evə. Bu hadisə yenə təkrarlandı və bacım yenə zəng edib mənə yalvardı ki, qardaş, məni gəl götür, yoxsa, özümü öldürəcəm. Mən bunların sonunu yaxşı görmürdüm. Qardaşı olsam da, ailənin işinə qarışmaq istəmirdim. Sentyabrın 30-u günü eşitdim ki, İsmayıl bacımı qətlə yetirib. Həmin gün mən rayonda idim. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirə. Sadəcə onu deyə bilərəm ki, mənim bacım İsmayıl tərəfindən yersiz yerə döyülürdü. Dəfndə və ya yasda onlar tərəfdən heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. Ömürlük həbs verilməsini məhkəmədən xahiş edirəm”.

Şahid qismində ifadə verən mərhumun bibisi Gülxanım Yolçuyeva isə deyib ki, X.Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub: “Həmin gün Xanım taksi sürücüsünə yalvarıb ki, məni bibimgilə çatdır. Sürücü də onu götürmək istəməyib, çünki Xanım çox pis vəziyyətdə olub. Taksi sürücüsünə deyib ki, məni bibimgilə çatdır, nə qədər pul desən, verəcəm. Həmin axşam mən də, Xanım da yatmadıq həyacandan. İsmayılın onu nəyə görə döydüyünü mənə danışdı. Votsapda adi bir qrup yazışmasına görə onu dəyənəklə döyüb, başını divara çırpıb. Mənə deyəndə ki, 102-yə zəng edək, dedim ki, atangillə də danış. Səhər 8-də çatdıq tədqiqatçının yanına. Girdik otağına, danışdıq hadisəni. Və sənədlər hazırlandı, ekspertizaya getmək üçün. İsmayıl gəlib içəri uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmayıb. Sonra Xanımı güllələdi”.

24-cü polis bölməsinin sahə inspektoru Ramin Hacıyev bildirib ki, mərhumə Xanım Məmmədov tərəfindən 102 xidmətinə döyülmə ilə bağlı sorğu gəlib: “Əməliyyat qrupu olaraq getdik Xanım Məmmədovanın otağına, amma qapını bizə açan olmadı. Biz Xanım Məmmədova ilə əlaqə saxladıq. Dedi ki, bibimgildəyəm. 08:00-da tədqiqatçı Füzuli Qurbanovun otağına yola saldım. Sonra İsmayıl mənə zəng elədi, dedi ki şöbənin qarşısındayam və məni Füzuli müəllim çağırıb. İsmayılı tanıyırdım, onun tağım komandiri olmuşam. Həmin vaxt da Füzuli müəllim şöbənin qarşısında idi. Elə tədqiqatçı İsmayılı qaldırdı rəisin otağına. İsmayılın onun yoldaşı olduğunu bilmirdim”.

Daha sonra şahid qismində ifadə verən Füzuli Qurbanov bildirib ki, həmin gün polis bölməsində tədqiqatçı köməkçisi imiş: “X.Məmmədova şikayətini bizə edəndən sonra idarə rəhbərliyinə məruzə etdik. Çünki əməkdaşımız Ramin Hacıyev gəldi otağıma dedi ki, İsmayıl polis nəfəridir. Belə olan halda biz sözsüz ki, rəhbərliyə məruzə etməli idik. Rəisimiz də başa saldı ki, ailə arasında söz-söhbətlər olur. Bizim xidmətin əməkdaşıdır, yaxşı hal olmaz. Mən komputerin qarşısında idim. İsmayıl Məmmədov xidməti otağa dəvət olunmamışdı. Girdi otağa, dedi ki, uşaqlarla görüşüb çıxıram və uşaqla görüşdü, anidən mərhuməni qətlə yetirdi. Xanıma 2, ya 3 güllənin vurduğunu yəqin etdim. Mən onun qolundan tutanda atəş açırdı. Sonra dedi ki, özümü öldürmək istəyirdim”.

Məhkəmənin növbəti baxış iclası martın 1-nə təyin edilib.

Qeyd edək ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password