Putinin dünənki çıxışı bütün Avropanı silkələyə bilər
Ötən gün Rusiya Prezidenti Vladimir Putin canlı yayımda çıxış edərək indiki Ukrayna ərazilərini tarixi Rusiya torpaqları adlandırdı. Üstəlik, Rusiya qondarma Donetsk və Luqanskın “müstəqilliyini” də tanıdı.
Bəs, Kremlin bu addımlarına qarşı Kiyev hansı reaksiyanı verəcək? Çoxdan gözlənilən savaş olacaqmı?
Bütün bu hadisələr fonunda Azərbaycan Prezidenti İlham Əliyev də Rusiyada səfərdədir. Bu gün Prezidentin rusiyalı həmkarı Putinlə görüşü və iki ölkə arasında Moskva Bəyannaməsinin imzalanacağı gözlənilir. Bu bəyyanamə ilə Azərbaycan və Rusiya arasındakı əməkdaşlıq, tərəfdaşlıq hansı səviyyəyə yüksələcək?
Suallarımızı politoloq Qabil Hüseynliyə ünvanladıq.
Politoloq müsahibəsində söylədi ki, Putinin dünənki çıxışı bütün Avropanı silkələyə bilər.
– Qabil bəy, Rusiya Prezidenti Vladimir Putinin axşamkı çıxışından sonra həmin regionda hansı dəyişikliklər baş verəcək?
– Əvvəla onu deyim ki, mən Rusiya Prezidenti Vladimir Putinin ötən axşamkı çıxışına axıra qədər qulaq asdım. Həddindən artıq tarixdən kənar bir çıxış idi. Eyni zamanda, Rusiya prezidenti indiyə qədər formalaşmış proseslərdən və münasibətlərdən kənar iddialar irəli sürdü. O, Ukraynanın Vladimir İliç Lenin tərəfindən yaradıldığını söylədi. Putin Ukraynaya verilən ərazilərin böyük hissəsinin Rusiya torpaqları olduğunu vurğuladı. Rusiya lideri geridə qalan hissənin Macarıstan və Rumıniyaya məxsus torpaqlar olduğunu bildirdi. Putinin bu cür çıxışı həqiqətən də təəccüblü idi. Rusiya prezidenti sözün əsl mənasında adamı heyrətə gətirən fikirlər səsləndirdi. 50 milyonluq ukraynalılar (onun 15 milyonu da Rusiyadadır) sanki yerin dibindən çıxmış kimi təqdim edildi. Onların əraziləri, ukraynalıların yaratdıqları mədəniyyət, keçdikləri tarixi yol haqqında söylənilən fikirlər həddindən artıq heyrətləndirici idi. Hətta bu fikirləri səciyyələndirmək üçün insan söz tapa bilmir.
– Bəs, rusların ukraynalılara bu qədər kin-küdurət bəsləməsinin, onlara imperialist düşüncədən yoğrulan baxış sərgiləməsinin səbəbi nədir?
– Bunu söyləmək çətindir. İstər-istəməz, adam Putinə sual vermək istəyir ki, siz haralarda yaşayırdınız?! Ruslar heç 17-ci əsrə qədər Ural dağlarına kimi gəlib çatmamışdılar. Ural dağlarından Sakit okeana qədər uzanan ərazilərdə rusların izi-tozu da yox idi. İndi də az qala post-sovet məkanındakı bütün ölkələrə ərazi iddiaları irəli sürülür. Bu zəmin üzərində hədə-qorxu, şantaj xarakterli fikirlər söyləmək insanı heyrətə gətirir. Açığı, mən Vladimir Putinin belə bir çıxış edəcəyini gözləmirdim. Bunu heç təsəvvür də edə bilməzdim. Suveren bir ölkəyə, Birləşmiş Millətlər Təşkilatının üzvü olan bir dövlətə qarşı, vaxtilə sovet ittifaqında aparıcı rollardan birini oynamış respublikaya qarşı anormal iddiaların haradan qaynaqlandığını söyləmək çətindir. Rusiya prezidentinin çıxışından belə göründü ki, Zakarpatiya hissəsi istisna olmaqla, bütün Ukrayna Rusiyanın bağışladığı torpaqlar hesabına yaradılıb. Vurğulandı ki, ruslar bu vəziyyətə yenidən baxmaq məcburiyyətində qalacaqlar.
– İki qondarma qurumun “müstəqilliyinin” tanınması, eləcə də Putinin bu çıxışı Ukraynanı müharibəyə körükləyəcəkmi?
– Zənnimcə, müharibəni körükləyə bilər. İndiyə qədər biz elə bilirdik ki, Moskvanın iddiası Donetsk və Luqansk vilayətləri, bir də Krımla yekunlaşır. Putinin indiki bəyanatlarından belə göründü ki, Ukrayna tamamilə Rusiya torpaqları üzərində yaradılıb. Dünənki çıxışdan belə “aydın oldu ki”, bu torpaqlar Rusiyaya mənsubdur və ruslar bunun üzərində düşünməlidirlər. Tarixdə ruslarla ukraynalıların Kiyev ətrafında yaşadıqları fakt mövcuddur. Amma o zaman rusların əlində Moskva yox idi. Onların sərəncamında heç Nijni Novqorod, Kursk, Rostov vilayəti yox idi. Yəni, ruslar və ukraynlar – iki qardaş xalq kiçik bir ərazidə bir-biri ilə yanaşı yaşayırdı. Onlar 998-ci ildə, X əsrdə provaslavlığı bir yerdə qəbul etmişdilər. Putin başa düşülməsi və izah edilməsi çox çətin olacaq məsələləri qaldırdı. Bu məsələlər həm Ukrayna xalqına qarşı aşağılayıcı ittihamlarla dolu idi, həm də “böyük dövlətçilik” şovinizmi ilə bol idi. Bəli, bu çıxış vəziyyəti gərginləşdirəcək. Bu durum bütün Avropanı silkələməsə yaxşıdır.
– Kreml DXR, LXR-in “müstəqilliyini” tanıyandan sonra Qarabağdakı separatçılarla bağlı analoji addımı ata bilərmi?
– Rusiyanın fikrindən çox şeylər keçir. Rusiyalı sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə etdikləri, Xankəndidə “rus icmasının yaradılması”, böyük rus sərkərdələrinə heykəllərin qoyulması, kilsə tikilməsi, həmin ərazilərdə yaşayan separatçıların inşaat materialları daşıyan Azərbaycanın avtomobil karvanlarının qabağını kəsməsi onu göstərir ki, ruslar burada yenə də sabitliyi poza, sabitliyə əngəl ola biləcək prosesləri başladıblar. Bu proseslər qarşıdakı dövrdə qondarma separatçı rejimin yenidən “zühur etməsinə”, yenidən iddialarla çıxış etməsinə gətirib çıxarır. Bölgədə yeni hərbi əməliyyatların başlanması ehtimalı artır. Amma ortada rus sülhməramlıları var. Bu məsələ ilə bağlı Rusiyanın gerçəkliyi əks etdirməyən, həddindən artıq təəccübləndirə biləcək iddiaları indi də mövcuddur. Kremlin həmin iddiaları Ukraynaya aid olan məsələlərdə ortaya çıxdığı kimi, bu məsələlərdə də meydana gələ, səsləndirilə bilər. Hər halda, Rusiyaya qarşı güclü anti-Rusiya koalisiyası yaradılmadan Rusiyanın post-sovet məkanındakı özbaşınalıqlarına, beynəlxalq hüquqazidd hərəkətlərinə “dur” demək çətin olacaq. Bununla bağlı dünya, xüsusən də Qərb dövlətlərinin Ukraynadakı, eləcə də digər post-sovet məkanındakı ölkələrə köməyinə böyük ehtiyac var.
– Azərbaycan Prezidenti də Rusiyadadır. İki ölkə arasında bir sıra müqavilələrin imzalanacağı gözlənilir…
– İmzalanacaq sənəd müttəfiqlik haqqında bəyannamə adlandırılır. Bildiyimə görə, adıçəkilən sənəddə Azərbaycanın ərazi bütövlüyü məsələsinin vurğulanacağı qeyd edilir. Belə olacağı halda, Azərbaycan ərazisindəki erməni separatçılarının oynamaq istədikləri oyunların (bunu ehtimal edirəm) qarşısını ala bilər. /publika.az