Sülhməramlıların komandanları niyə tez-tez dəyişdirilir?

 

Politoloq Tofiq Abbasov müsahibəsində sülhməramlıların komandanlarının tez-tez dəyişdirilməsinin səbəblərindən danışıb.

Müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri son günlər aktivləşib. Separatçıların fəallığının kökündə nələr dayanır?

– Qarabağdakı separatçı rejimin qalıqları 44 günlük müharibə dövründə son dərəcə lərzəyə gəldilər. Onlar müharibə dövründə savaş aparmırdılar, döyüşü əsasən Ermənistan ordusu aparırdı. Qarabağdakı separatçılar da çalışırdılar ki, özlərini həmin dövrdə hər hansı bir formada ifadə etsinlər. Ancaq müharibə bitəndən sonra onların hamısı lal-dinməz, sakitcə öz yerlərində oturmuşdular. Qarabağdakı ermənilər həm də psixoloji cəhətdən dəf edilmişdilər. Həm hərbi, həm də siyasi cəhətdən nakauta uğramışdılar. Azərbaycanın onlara qarşı tətbiq etdiyi əks-hücum əməliyyatı faktiki olaraq göstərdi ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr mütəşəkkil qüvvə deyil. Bu, birinci amildir. Digər tərəfdən, onlar özlərinin yalançı qələbələrinə arxalanaraq elə bilirdilər ki, Azərbaycan bunları yalnız sözdə hədələyir. 44 günlük müharibə və ondan sonrakı proseslər onları göydən yerə otuzdurdu. Guya sülhməramlılar ermənilərin arxasında dayanıblar. Guya azərbaycanlılarla ermənilər arasında münaqişəli vəziyyətin yaranmaması üçün onlar hansısa fəaliyyət göstərirlər. Bu cür düşüncələrin fonunda Qarabağdakı ermənilər yenidən fəallaşırlar. Amma bu proses uzun sürə bilməz. Faktiki olaraq sülhməramlıların özlərinin missiyası humanitar xarakter daşıyır. Azərbaycan tərəfi dəfələrlə bu məsələ ilə bağlı Rusiyanı xəbərdar edib. Yəni, əks tədbir görməyə imkanlarımız var. Amma mən belə başa düşürəm ki, hələ bunun vaxtı deyil.

– Nə üçün vaxtı deyil?

– Ona görə ki, Qarabağ erməniləri ilə bağlı olan proses bir növ İrəvana bağlıdır. Eyni zamanda, Rusiyanın bəzi dairələri ilə əlaqəlidir. Üzdə görünən odur ki, ermənilər təxribatçı addımlarını bir az da uzadırlar. Amma pərdəarxasında qalan, görünməyən detallar isə diplomatik səylərdir. Bu cəhətdən də Azərbaycan üstünlüyü tam şəkildə əldə saxlayıb. Vəziyyətə nəzarət də bizim əlimizdədir. Məncə, yeri və vaxtı gəlsə, biz anti-terror əməliyyatları keçirməyə məcbur olacağıq. Hələ ki, bunun vaxtı deyil. Yenə deyirəm, diplomatiya kadr arxasında öz işini davam etdirir. Bundan sonra gərək Ermənistanın baş naziri Nikol Paşinyan və onun ətrafı Azərbaycanla bağlı mövqeyini açıqlasınlar.

– Bir müddət əvvəl Prezident İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə Qarabağdakı qanunsuzluqlarla bağlı etiraz notası göndərmişdi…

– Ermənilərin bir qismi Ermənistanda, bir qismi isə Qarabağda yaşayır. Təbii ki, bu qeyri-sağlam ermənilər arasında əlaqələr var. Onlara fitva verən, dəstək göstərən, hətta həmin ermənilərdən xeyir götürən milonovlar, zatulinlər, jirinovskilərdir. Onlar həmin ermənilərə vədlər verə-verə qeyri-sağlam erməniləri aldatmaqla yanaşı, həm də onlardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Burada bir məqam var. Azərbaycanın mövqeyi rəsmi Kreml tərəfindən qarşılanır, təqdir edilir. Bakı ilə Moskva arasında son dərəcə qarşılıqlı anlaşma şəraiti formalaşıb. Prezidentlərin şəxsi münasibətləri mövcuddur. Elitalar arasında sıx əlaqələr var. Humanitar, mədəniyyət sahəsindəki əlaqələrimiz onu göstərir ki, xalqlar arasında ziddiyyət, qarşıdurma meylləri yoxdur.  Söhbət Azərbaycan və Rusiya xalqlarından gedir. Amma bu proseslərə haram qatan məhz o təxribatçılar, alverçilərdir. Milonov siyasətçi, ictimai-siyasi xadim kimi son dərəcə fərsiz insandır.  Amma bütün bunlara baxmayaraq, milonovkimilər başqa xalqlarda zəif nöqtələri tapırlar, çalışırlar ki, onlara nüfuz etsinlər. Əsas qayələri də ondan ibarətdir ki, onlardan faydalansınlar. Əlbəttə, ermənilərin xaricdən gələn pulları, vəsaitləri var. İstər Qərbdə, istərsə də Amerikada kifayət qədər imkanlı insanlar var ki, onlar gözüyumulu tərzdə Qarabağ adı altında Şərqə doğru vəsaitlər göndərirlər. Həmin ermənilərdən də faydalananlar dəllallar, təxribatçı milonovlardır. Azərbaycan Prezidentinin Medvedevə məktubu ondan xəbər verir ki, bu proseslər Moskvanın xəbəri olmadan getmir.

– Bütün bunlar nədən xəbər verir?

– Bakı xüsusi və diplomatik kanallarla həmişə öz sözünü deyib. Prezident İlham Əliyevin Dmitri Medvedevə məktubu Moskva üçün utanc gətirən bir şeydir. Ən böyük siyasət iqtisadiyyatdır, həm də mədəni-sivilizasiya münasibətləridir. Yadınıza gəlirsə, pandemiya dönəmində Rusiyadan Azərbaycana 1 ildə 870 min turist dincəlməyə gəlmişdi. Bu ondan xəbər verir ki, oradakı insanlar Azərbaycana doğma vətənləri kimi qiymət verirlər. Onlar bilirlər ki, Azərbaycan adekvat dövlətdir, burada qanunlar işləyir. Amma bu proseslərin fonunda həmişə siyasi dairələrin dəllallığı, milonovların təxribatyönümlü fəaliyyətsizliyi müəyyən şübhələr yaradır ki, rəsmi dairələr buna niyə göz yumurlar?! Milonovlar, zatulinlər, jirinovskilər əslində Rusiyanın siyasi maraqlarını ayaq altına atırlar. Onlar bununla öz maraqlarını güdərək proseslərə “mövqelərini” bildirirlər.

– Qarabağdakı sülhməramlıların komandanı dəyişdirildi. Nə baş verir?

– Bilirsiniz, ermənilərin içində olmaq nə deməkdir?! Bu o deməkdir ki, sənə həmişə təzyiq göstərəcəklər. Hələ 19-cu əsrdə, Birinci Nikolayın dövründə ermənilər çarın buradakı nümayəndələrini ya aldadırdılar, ya terror törədirdilər, ya da onları içirirdilər ki, ayılmasınlar. Bir generalı o biri ilə dəyişirdilər. Bununla bağlı xahişlər edirdilər. Ermənilər 100-200 il əvvəlki prosesləri yenə də davam etdirirlər. Qarabağdakı sülhməramlıların tez-tez dəyişdirilməsinin bir neçə səbəbi ola bilər. Birincisi, onlar, həmin komandanlar özlərini orada, ermənilərin içərisində komfortlu hiss etmirlər. Çünki daim təzyiq altındadırlar və daim onlara qarşı təhdidlər olur. Rüşvət də təklif edirlər. Hətta deyirlər ki, sən bunu etməsən, əvəzində biz filan şey edə bilərik. Bu o deməkdir ki, onlar qondarma erməni dövlətçiliyini yaradıblar, özləri də onun girovuna çevriliblər. /publika.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password