Bu, qazaxların aksiyasıdır, ruslar qarışmır
Qazaxıstandan gələn xəbərlərə görə, mitinqlərdə və küçə yürüşlərində ruslar və rusdillilər iştirak etmir. Onlar hesab edirlər ki, qazaxlar arasındakı “çəkişməyə” qarışmaq düzgün deyil. Rusiya mediası ona da işarə edir ki, rus dilinin geniş yayıldığı Qazaxıstanda mitinq və küçə yürüşlərində şüarlar qazax dilindədir. Ona görə ruslar hadisələri evlərinin eyvanlarından izləyirlər.
Bu fikirləri politoloq Elxan Şahinoğlu bölüşüb.
O bildirib ki, Qazaxıstanda rusların və rusdillilərin ölkə əhalisinin təxminən 40 faizini təşkil etdiyini nəzərə alaraq, maraqlı güclərin təxribatından faydalanmaq istəyi istisna deyil:
“Kreml 8 il əvvəl Krımı və Donbası məhz “rusdilli əhalini qorumaq” adı altında ilhaq edərək Ukraynanı parçalamışdı. Təəssüf ki, eyni ssenari Qazaxıstanda təkrarlana bilər. Digər tərəfdən Ukraynadan fərqli olaraq, haqqında danışılan ssenarini Qazaxıstanda həyata keçirmək Kreml üçün daha rahat ola bilər. Rusiya hərbçiləri Ukraynaya yerli hakimiyyət tərəfindən dəvət edilməmişdi. Bu, Ukraynanın Rusiyaya bağlı Prezidenti Viktor Yanukoviçin də ağlına gəlməmişdi. Ruspərəst Yanukoviçdən fərqli olaraq, Qazaxıstan Prezidenti Tokayev Rusiya hərbçilərini özü ölkəsinə dəvət etməklə Kremlin işini yüngülləşdirib. Qazaxıstanda təxribatçıların rus mənşəli bir neçə şəxsə qarşı hücumu kifayət edəcək ki, Kreml çoxdan arzuladığı Qazaxıstanı parçalamaq planını həyata keçirsin. Ona görə müxtəlif liderlərin Qazaxıstana dəstək açıqlamalarında “sabitliyin bərpası” ifadəsiylə yanaşı “ərazi bütövlüyünün dəstəklənməsi” ifadəsinin işlədilməsinə də ehtiyac yarana bilər”.