Azərbaycanda, yoxsa xaricdə? – Harada istirahət etmək daha sərfəlidir?
Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanda 5 ulduzlu otellərdə istirahətin qiymətləri ilə maraqlanmışıq. Məsələn Türkiyədə 1700 manata 5 günlük istirahət edə biləcəyiniz halda, Azərbaycandakı bəzi otellərə 1200 manat ödəyib bu qiymətə cəmi 2 ya da 3 gün istirahət edə bilərsiniz. Üstəlik xidmətlərdə də fərqlər var.
Xaricdə istirahətə üstünlük verən yerli turistlərin əksəriyyəti yeni il tətili üçün əsasən İstanbulu seçir. Turizm üzrə ekspert Murad Əhədzadə deyir ki, 2 nəfərlik Türkiyə turları əsasən 4 gecə 5 günlük olur. Bu ölkədə 5 ulduzlu oteldə istirahət turistlərə minimum 1000 dollara başa gəlir.
Dubaya gedənlər də az deyil. Bu ölkəyə təşkil olunan 4 gecə 5 günlük turlar isə 1500 dollardan başlayır. Murad Əhədzadə deyir ki, bu qiymət turistin seçimindən asılı olaraq arta bilər.
Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, tətillə əlaqəli bölgələrdə olan otellərə tələb artıb. Tələb çoxluğu qiymətlərə təsirsiz ötüşməyib. Ekspert deyir ki, yerli otellərdə istirahət xaricdə istirahətdən heç də ucuz deyil. 5 ulduzlu otellərdə 2 nəfərin istirahət etməsi olduqca bahadır. Üstəlik daxildə yeni il turlarının müddəti 4 gecə 5 gün deyil, cəmi 2 ya da 3 gün olur.
Ekspertlər deyirlər ki, aviabiletlərin baha olduğunu nəzərə alsaq, xarici otellərdə istirahət yerlilərlə müqayisədə həm müddət baxımından, həm də komfort baxımından daha əlverişlidir. Üstəlik yerli turpaketlərin əksərində nəqliyyat xərcləri, qarşılama, yola salma kimi xidmətlər olmur.
Aktualinfo.org xəzər xəbər-ə istinadla sujeti təqdim edir: