Ərdoğanın həmləsindən panikaya düşdülər: “Bizim üçün problem yaradacaq”
ABŞ-da nəşr olunan “Foreign Policy” qəzeti Afrika və Türkiyə arasında inkişaf edən əlaqələrə diqqət çəkib.
Məqalədə Ankaranın qitədə təsir dairəsinin artdığı, Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrikanın dostu olduğu bildirilib.
Nəşr Türkiyənin Afrikada artan nüfuzunun ABŞ-ın xarici siyasətində problemlər yaradacağını yazıb.
İstanbulda keçirilən III Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinə toxunan “Foreign Policy” bunun Ankaranın qitədə artan təsir dairəsini əks etdirdiyini vurğulayıb.
“Türkiyənin Afrikada nə qədər çox nüfuzu və qitədə nə qədər iştirakçı varsa, bu, ABŞ-ın xarici siyasəti üçün o qədər problem deməkdir”, – məqalədə qeyd olunub.
Türkiyənin 2019-cu ildə Liviya vətəndaş müharibəsinə müdaxilə etdikdən sonra qitədəki sərmayələri ilə Qanada məscid, Seneqalda Olimpiya hovuzu və Somalidə 10 000 yerli hərbçiyə təlim verdiyi və Afrikanın digər ölkələrində də genişləndiyi deyilib. Son olaraq, Ərdoğanın Nigeriya ilə daha yaxın əlaqələr qurmaq istədiyi və Türkiyə müdafiə qurumlarının rəsmilərinin yanvarda Nigeriyanın paytaxtı Abucada bu ölkədən olan həmkarları ilə görüşəcəyi bildirilib.
Nəşr Mərakeş və Tunis kimi Afrika ölkələrinin Türkiyədən ilk PUA-ları artıq təhvil aldıqlarını yazıb.
“Afrikanın dostu” adlandırılan Prezident Ərdoğanın oktyabrda Anqola, Nigeriya və Toqonun daxil olduğu 4 günlük qitə turuna çıxdığı qeyd edilib.
Digər tərəfdən, Türkiyənin qitədəki investisiyalarının 2003-cü ildə 5.4 milyard dollar olduğu, 2020-ci ildə bu rəqəmin 25.3 milyard dollara yüksəldiyi vurğulanıb. Afrika ölkələri ilə Türkiyə arasındakı ticarət həcminin isə 30 milyard dollara çatdığına diqqət çəkilib.
2005-ci ildə 12 olan qitədəki səfirliklərin sayı bu il 43-ə yüksəlib. Türkiyənin dünyadakı ən böyük diplomatik nümayəndəliyi də Afrikada – Somalidədir.
Nəşr Prezident Ərdoğanın indiyədək 30 Afrika ölkəsinə 50 səfər etdiyini də xatırladıb.