Əliyev-Paşinyan görüşünü zəruri edən səbəb
Ermənistan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında gözlənilən görüş barədə yazır və ekspert icmaları bu məlumatla bağlı bir sıra sualları təhlil edirlər: Bu təcili görüşə nə ehtiyac var? Tərəflər nə barədə razılığa gəlməlidirlər? Yeni il ərəfəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaqmı?
Bu barədə danışan rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib ki, ciddi hüquqi təminatlar olmadan, heç bir dövlət yolların tikintisi üçün böyük büdcə investisiyaları riskini üzərinə götürməyəcək:
“Bu səbəbdən Azərbaycanın hüquqi sənədə ehtiyacı var. Adətən bu vəzifədə ölkənin ali qanunverici orqanının deputatları tərəfindən ratifikasiya tələb olunmayan hökumətlərarası sazişlər olur. Bakı başa düşür ki, Ermənistana etibar etmək olmaz. Hamımızın gözü önündə Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın icrası nümunəsi var. Sözügedən bəyanatda martın 30-dək bu istiqamətdə kollektiv fəaliyyət planının yaradılması nəzərdə tutulur. Lakin bunun üzərindən 9 ay keçsə də, bəyanatın həyata keçirilməsi istiqamətində heç nəyə nail olunmayıb. Əliyevlə Paşinyan arasında bir sıra məsələləri aradan qaldıracaq yeni görüş əlbəttə ki, mümkündür.
Bu açıqlamanın əhatə dairəsindən kənarda qalan daha bir sual var: tikinti kimin hesabına aparılacaq və son nəticədə avtomobil və dəmir yolunun Zəngəzurdan keçən hissəsində yükdaşımaların operatoru kim olacaq?
Ermənistan cəmiyyətində və ya onun radikal hissəsində dövlət suverenliyinin pozulması bəhanəsi var və bu da Köçəryan kimi radikal erməni siyasətçilərinin tərəfdarlarının kütləvi etirazlarına səbəb ola bilər.
Ona görə də Azərbaycanla Ermənistan arasında dövlətlərarası və ya hökumətlərarası saziş formasında müvafiq beynəlxalq hüquqi sənədlər imzalanmayana qədər Baş nazir Paşinyanın sözləri yalnız söz olaraq qalacaq və Moskva bildiyiniz kimi, bu sözlərə inanmır”./axar.az