Məşhur portal Qarabağda itkin düşən azərbaycanlılardan yazdı

 

Eurasiareview.com” portalında Londonda yerləşən “Henri Cekson Cəmiyyəti“ beyin mərkəzinin elmi tədqiqatçısı Taras Kuzionun “İtkin düşən 4000 azərbaycanlı: açıq yara hələ də sağalmayıb” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində son 30 ildə Azərbaycan tərəfinin verdiyi itkilər, taleyi hələ də qaranlıq qalan 4 min itkin düşmüş şəxs və Qərb düşüncəsində münaqişəyə baxışla bağlı fikirlər əksini tapıb.

Müəllif qeyd edir ki, Azərbaycan Ermənistan tərəfindən təxminən 30 il işğal altında saxlanılan torpaqlarını azad etdikdən sonra tədqiqatçılar Birinci Qarabağ müharibəsində (1988-1994-cü illər) itkin düşmüş dörd min azərbaycanlı barədə məlumat toplayırlar. Bildirilir ki, itkin düşənlərin 719 nəfəri mülki şəxsdir (326 qoca, 267 qadın və 71 uşaq).

T. Kuzio tanınmış amerikalı jurnalisti Tomas Qoltsun hələ 1994-cü ildə topladığı məlumatlara istinadən qeyd edir ki, əsir düşən mülki şəxslər qullar kimi fərdi evlərdə işlədilir, qarşı tərəflə girovlar qarşılığında, bəzən isə yemək və yanacaq əvəzinə dəyişdirilirdi. Müharibə əsirlərinin kütləvi şəkildə qətlə yetirilməsi və onların cəsədlərinin təhqir edilməsi də baş verirdi. Hətta Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan beynəlxalq müşahidəçilərin işğalçı ölkənin münaqişə zamanı Cenevrə Konvensiyasını pozmasına dair ittihamlarını cavabsız qoymuşdu.

Məqalədə erməni əsirliyində olan azərbaycanlıların qətlə yetirilməsinə dair faktlara da yer verilir. Bildirilir ki, Ermənistan paytaxtı İrəvanda 7 müharibə əsiri güllələnib və Beynəlxalq Qırmızı Xaç təşkilatına əsirlərin qaçmağa cəhd zamanı öldürüldüyünə dair məlumat verilib. Lakin azərbaycanlı əsgərlərin cəsədlərinin analizi zamanı onların yaxın məsafədən başlarına atəş açılmaqla, qaçış zamanı güllələnməyə xas olmayan digər şəkildə qətlə yetirilməsi beynəlxalq ekspertlər tərəfindən də təsdiqlənib. 1994-cü ildə baş vermiş bu hadisə barədə “Human Rights Watch” təşkilatı da məlumat yayıb.

Yazıda, həmçinin qeyd edilir ki, Ermənistan tərəfindən törədilən cinayətlərin əksəriyyəti Qərb siyasətçiləri, ekspert və medianın heç vaxt geniş şəkildə diqqətində olmayıb. Hətta ATƏT komissiyasının üzvünə azərbaycanlı girovlar və məhkəmədən kənar öldürülmələr barədə sual verdikdə, o, ölmüş azərbaycanlılara diqqət ayırmağa lüzum olmadığını bildirmişdi.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password