Şəki Dövlət Yol Polisi əməkdaşlarından yenə şikayət var
Şəki şəhər sakini, ETSN Şəki Regional Meşə təsərrüfatı Mərkəzinin sürücüsü İsrafilov Arif Əhməd oğlu tərəfindən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Daxili İşlər naziri Vilayət Eyvazova və digər aidiyyatı dövlət orqanlarına özlərini Şəki DYP əməkdaşları və rəis Şəhmirin adamları kimi təqdim edən şəxslərin qanunsuz hərəkətindən şikayət məktubu ünvanlanıb. Aktualinfo.org vətəndaş Arif İsrafilovun sözügedən şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırır. Şikayətçi yazır ki:
Cənab Prezident İlham Əliyev, əvvəlcə xatırlatmaq istəyirəm ki, mən hərbi xidmətdən sonra bir sadə sürücü olaraq peşə fəaliyyətilə məşğulam. Bu günə kimi istər qonşular, istər iş yoldaşları arasında kimsə məni yekəxana, adam kimi tanımayıb. Əksinə sadə bir insan kimi həmişə çalışmışam ki, bir tikə çörək qazanım, ailəmi dolandırım. Amma Şəki DYP işçiləri buna imkan versələr. Bunların əlindən təmiz bezar olmuşam. Heç nədən adamı yolda saxlayıb şərləyirlər ki, sən belə etdin, elə etdin. 2020-ci ilə qədər heç vaxt sürdüyüm avtomobildə qanun pozuntum olmayıb. İndi nələr edirlərsə xəbərim olmadan 250 manat cərimələrim yaranıb, üstəgəl 8 bal. İndi idarənin işini görə bilmirəm, yəni yola çıxan kimi Şəki YPX işçiləri dərhal NİVA avtomobilimi saxlatdırıb deyirlər ki, sənin bu qədər cərimən və 8 balın olduğuna görə sənin sürücülük vəsiqən ləğv edilməlidir. Sən idarənin işini bu formada görə bilməzsən və s. sözlər. 2 ay əvvəl də saxladılar ki, gəl bu məsləni özün həll et, yoxsa maşını cərimə meydançasına aparacağıq. Və məsləhət gördülər ki, get rəisimiz Şəhmirlə görüş, 500 manat ver. Vəssalam. Mən də sözə baxıb gəldim rəisin qəbuluna. Borc-xərc topladığım 500 manatı iş otağında ona verib dedim ki, mənim cəriməmi və 8 balımın işini həll et. Rəis razılaşdı və pulu götürdü. Aradan 1 ay keçmiş məni yenə Şəki DYP işçiləri saxlayıb dedilər ki, sənin 250 manat cərimən və 8 balın var. Ona görə sənin sürücülük vəsiqən ləğv edilməlidir. Cavab verdim ki, sizin işçilər dedi, mən də gedib rəisinizi gördüm və 500 manat da verdim ki, cərimələri həll etsin. Dedilər yox, heç nə həll olmayıb. Cərimələr də üstündə qalıb. Biz bilmərik. Sən bu cərimələrlə idarənin avtomobilini sürə bilməzsən. İndi mən yazıq hardan yenə 500 manat tapım ki, Şəki DYP-ya verib canımı qurtarım. Bu arada yenidən 500 manat borc tapıb rəisə vermək fikrindən vaz keçdim. Bu lapaxmaqlıq olardı. Müdirim Əkrəm müəllim çox ləyaqətli və gözəl bir insandır.Özü də 44 günlük müharibədə sonadək vuruşub, Vətən Müharibəsi qazisidir. Bunu da Şəki DYP işçiləri bildikləri üçün ona qarşı da hörmətsizlik edirlər. Mən də müdirimə ağız açmıram ki, belələrinin yanında ləyaqətli müdirim niyə ağız açsın. Biz dədə-babadan görmüşük ki, “pulu kişi kimi qazanarlar”.
Cənab Prezident Ona görə şəxsən Sizə müraciət edirəm ki, xidməti avtomobillə bir təhər ailəmi dolandırıram. Ailədə məndən başqa kimsə işləmir. Bir tərəfdən də Şəki DYP işçiləri əzrayıl kimi başımın üstünü alırlar ki, sənin sürücülük vəsiqən ləğv olunmalıdır. Axı Qanunvericilikdə 8 bal cəriməsi olanların sürücülük hüququndan məhrum edilməsi kimi “ Şəki nağılları” yazılmayıb. Nyə bu tip dövlət məmurları ağır günlərimizdə xalqı bezdirilər? Sizdən çox xahiş edirəm ki, Şəki DYP rəisi Şəhmirə verdiyim 500 manatın 250 manatını cəriməmin ödənilməsinə, qalanı da özümə qaytarmağına göstəriş verəsiniz. Sağ olun.
Aktualinfo.org