“Google” Lütfi Zadəyə həsr olunmuş “dudl” təqdim edib

 

Dünyanın aparıcı internet-axtarış saytı olan “Google” dahi azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə (Lütfi Rəhim oğlu Ələsgərzadə) həsr olunmuş “dudl” təqdim edib.

Axtarış sisteminin istifadəçilər “dudl“a klik edərək istifadəçilər görkəmli alim haqqında məlumatlar olan səhifələrə keçidləri görə bilərlər.

“Google”ın “dudl”ları müxtəlif hadisələr, bayramlar və yubileylər şərəfinə axtarış sisteminin əsas səhifəsində görünən şəkillər, animasiyalar və oyunlardır. “Dudl”llar qlobal (bütün dünyada, bütün “Google” domenlərində mövcud olanlar) və müəyyən yerli ( yalnız bir və ya bir neçə ölkədə görülə bilən) kateqoriyalarına bölünür.

Qeyd edək ki, Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.

L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və “Soft Computing” İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın “Mitsubishi“, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər.

L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Dahi alim 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib və öz vəsiyyətinə uyğun olaraq, nəşi Azərbaycana gətirilərək 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password