Əkinlərini tez bəyan edən fermerlər subsidiyanı ilin əvvəlində alacaq
Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb.
Bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, bu istiqamətdə növbəti tədbir Yevlax, Ucar və Kürdəmir rayonlarında keçirilib. Məlumatlandırma sessiyalarının məqsədi yeni aqrar subsidiya qaydaları ilə bağlı fermerləri məlumatlandırmaq, payızlıq əkinlər barədə məlumatların EKTİS-də bəyan edilməsi prosesini sürətləndirməkdir.
Payızlıq əkinlərin bəyanı prosesi 1 sentyabr – 30 dekabr tarixlərini əhatə edir. Fermerlər əkin subsidiyası almaq üçün payızlıq əkinlərini dekabrın sonuna kimi bəyan etməlidir. Əkin məlumatlarının EKTİS-də tez bəyan edilməsi monitorinqlərin daha tez başa çatmasına, subsidiyaların ilin ilk aylarında ödənilməsinə imkan verir. Öz əkinlərini son müddəti gözləmədən EKTİS-də bəyan edən fermerlər subsidiyanı ilin əvvəlində alır və aqrotexniki qulluq baxımından daha səmərəli istifadə edə bilirlər.
Növbəti məlumatlandırma sessiyası İmişli, Saatlı və Sabirabad rayonlarında keçiriləcək. Buna qədər nazirlik tərəfindən 8 rayonda analoji tədbirlər keçirilib. Tədbirlər planına əsasən, məlumatlandırma sessiyalarının payızlıq əkinlərin aparıldığı 50-dən artıq rayonda keçirilməsi nəzərdə tutulur.