Ankaranın şərtləri: Ermənistan razılaşmağa niyə məcburdur?
Ankara İrəvana şərtlərini təqdim edib: sərhədlərin açılmasını istəyirsinizsə, Bakının tələblərini yerinə yetirin.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “le Figaro” nəşrinə müsahibəsində deyir ki, “Türkiyədən münasibətlərin normallaşması üçün müsbət siqnallar almışıq, lakin Ankara yeni şərtlər təqdim edir, onların arasında Azərbaycanla Naxçıvanın əlaqəsini yaradacaq dəhliz də var”.
Mirzoyanın açıqlaması Ankaranın şərtlərinin birdən çox olduğunu təsdiqləyir:
– Zəngəzur dəhlizinin açılması;
– Sərhədlərin müəyyənləşdirilməsi;
– Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından, o cümlədən, qondarma “erməni soyqırımı” iddialarından vaz keçilməsi;
– Azərbaycanla sülh müqaviləsinin imzalanması;
Bakı və Ankaranın gündəliyinin əsas müəddəaları bunlar ola bilər. Mirzoyan “dövlətlər öz əraziləri üzərində suverenliyini qoruyaraq, tranzitə icazə verməlidir, bölgədəki bütün rabitə kanalları yenidən açılmalıdır” deməklə Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttinə qarşı olmadıqları mesajını verir. İrəvanın istəmədiyi, Bakı və Ankaranın tələb etdiyi məsələ Naxçıvana çıxacaq xəttin nəqliyyat yolu yox, məhz dəhliz olmasıdır.
– Nəqliyyat xəttində əsas qərarverici tərəf Ermənistan olur və gömrük məntəqələri qura bilir;
– Dəhliz Ermənistana gömrük postu qurmağa, ümumiyyətlə bu yola müdaxilə etməsinə imkan vermir;
Ən pis halda – dəhliz yox, nəqliyyat yolu olacaqsa belə, Bakı bundan Laçın dəhlizinə post qurmaq üçün istifadə edə bilər.
Burada Ermənistanın nə qədər dözmək imkanının olması da diqqət çəkir.
Rəsmi İrəvan Ankara və Bakının şərtlərini qəbul etməsə, blokada vəziyyəti davam edəcək. Və bunun əvvəlki illərlə müqayisədə həm siyasi, həm də iqtisadi çətinliyi daha çoxdur.
Siyasi məhdudiyyətlər:
– Zəngəzur dəhlizinin açılmaması ümumilikdə kommunikasiyaların açılmaması deməkdir və bu, Rusiyanın bölgədəki siyasətinə uyğun deyil;
– Ermənistanın Qərbə praktiki çıxışı Türkiyə qapısından keçir və Paşinyan hakimiyyəti ölkədə “iqtisadi inqilab” vədini yerinə yetirmək, eləcə də xarici siyasəti şaxələndirmək imkanlarını genişləndirmək üçün bunda maraqlıdır;
İqtisadi məhdudiyyətlər:
Birincisi, müharibədən sonra Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarının yerüstü-yeraltı sərvətindən məhrum olub;
İkincisi, Azərbaycanın Gorus-Qafan yoluna nəzarət etməsi İrandan Ermənistana yük daşımalarına ciddi təsir edib;
Üçüncüsü, Rusiya daşımalarının həyata keçirildiyi Gürcüstan yolu əvvəlki illərlə müqayisədə şərait baxımından daha da çətinləşir;
Dördüncüsü, Azərbaycanın sərhədlərini bərpa etməsi ermənilərin işğal dövründə zəbt etdikləri otlaq-əkin sahələrindən məhrum olması və sərhədboyu ərazilərdə yaşayanların vəziyyətinin çətinləşməsi ilə nəticələnib;
Reallıq budur ki, işğal dövründə blokada vəziyyətinə dözə bilən Ermənistanın hazırda belə imkanları tükənir və bu, İrəvanı razılaşmağa məcbur edir.
Asif Nərimanlı