“Cəmiyyətdə və siyasi elitada Rusiyadan haqlı narazılıq var” – Anna Akopyan
Ermənistanda 44 günlük Vətən müharibəsi günlərində başlayan anti-Rusiya dalğası yenidən geniş vüsət almaqdadır. Ermənilər bu fikirdədirlər ki, Rusiya əlində olan imkanlara rəğmən müharibə zamanı onları xilas etməyib. Üstəlik bu ilin mayında Azərbaycan Ermənistanın “suveren ərazilərinə” daxil olarkən buna adekvat reaksiya verməyib. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin kollektiv müdafiə ilə bağlı 2-ci maddəsinin icra edilməməsindən də narazıdırlar.
Ermənistanda bu gün yüksək post tutan şəxslərin demək olar ki, hamısı – Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, parlamentin spikeri Alen Simonyan və digərləri rusofobdur. Düzdür, onlar hazırda bunu gizlətməyi üstün tuturlar. Bununla yanaşı onların yaxın keçmişini araşdırdıqda, yazdıqları məqalələri, verdikləri müsahibələri oxuduqda, etdikləri çıxışları dinlədikdə bunu aydın görmək olar. Ermənistan Baş nazirinin həyat yoldaşı, “Aykakan Jamanak” qəzetinin baş redaktoru Anna Akopyanın 13.09.2017-ci ildə sözügedən qəzetdə dərc olunan məqaləsi bu istiqamətdə fikirlərimizin sübutudur.
Sözügedən məqaləni təqdim edirik.
Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin dünən erməni jurnalistlərin suallarını cavablandırarkən özündən çıxıb. “Sizin başqa mövzunuz yoxdur, bu haqda nə qədər danışmaq olar? Orada hər şey aydındır, Rusiya rəhbərliyi bu məsələ ilə bağlı dəfələrlə çıxış edib”, – News.am xəbər verir ki, səfir Rusiyanın Azərbaycana silah satışı ilə bağlı suala cavab olaraq belə deyib.
Diplomatlar, xüsusən də səfirlər istənilən situasiyada sakit qalmaq kimi paxıllıq ediləsi keyfiyyətlərə malikdirlər. Bir qayda olaraq, onları özlərindən çıxarmaq çətindir, çünki onlar hətta ən çətin və arzuolunmaz suala belə fikirləşib əlaqəsi olmayan cavab verə bilərlər. Deyək ki, sual armuddandır, onlar isə ciddi görkəm alıb almadan danışırlar.
Bu dəfə İvan Volınkin bu klassik yanaşmanı tətbiq edə bilmədi və o, səfirə xas olmayan şəkildə qıcıqlandı.
Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri köhnə nəsildən olan təcrübəli diplomatdır; deməli, bu tutaşmanın ciddi səbəbləri olmalıdır.
Səbəblərdən biri sualın konteksti idi. Məsələ burasındadır ki, jurnalistlər ondan Rusiyanın Ermənistan və Qarabağla (A.Akopyan təbii ki, “Artsax” yazır-S.Həmid) müharibə vəziyyətində olan Azərbaycana silah verməsinin nə dərəcədə məntiqli olduğunu soruşublar, eyni zamanda Vladimir Putin Qərbi Ukraynanı silahla təchiz etdiyinə görə tənqid edir.
Rəsmi İrəvan Rusiyanın Azərbaycana silah satmasını Ermənistan-Rusiya ikitərəfli münasibətlərində “qırış” kimi qiymətləndirir. Bu, ən yüksək səviyyədə dəfələrlə deyildi və “Aprel döyüşləri”ndən sonra Serj Sərkisyan hətta birbaşa Rusiya tərəfdən izahat tələb etdi. Və buna baxmayaraq, silah təchizatı fasiləsiz olaraq davam edir. Belədə Putinin Ukraynaya silah satışı ilə bağlı məlum ittihamı Ermənistanın əlində ciddi “kozır”a çevrilib. Səfiri özündən çıxaran ilk növbədə bu hal oldu, çünki əslində belə bir arqumentlə mübahisə edəcək bir şey yoxdur.
Digər tərəfdən, İrəvanda yenidən anti-Rusiya əhval-ruhiyyəsi aktivləşib və parlamentdəki “Çıxış” fraksiyasının Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə xitam verilməsi prosesinə başlamaq təşəbbüsü ilk növbədə Rusiyaya yönəlmiş zərbə kimi qiymətləndirilir.
Üstəlik, səfir bu mövzu ilə bağlı sualı daha inamla cavablandırıb: “Əgər onlar bu perspektivi görürlərsə, xahiş edirəm, heç kimi mane olmasın, başqa məsələ Ermənistanın buna nə qədər ehtiyacı olmasıdır. Hesab edirəm ki, Ermənistan əhalisinin əksəriyyəti bu perspektivlə razılaşmır, çünki onlar Avrasiya İqtisadi İttifaqının üzvü olmağın üstünlüklərini aşkar görürlər”.
Volınkin, əlbəttə, bilməyə bilməz ki, respublikaçılar (keçmiş prezident Serj Sərkisyanın partiyası-S.Həmid) uzun müddətdir Aİİ-də olmağın açıq üstünlüklərini ictimaiyyətə təqdim etməyə çalışırlar, lakin indiyədək inandırıcı göstəricilər verə bilməyiblər.
Bəlkə də ümumi gərginliyin səbəblərindən biri budur, çünki bir tərəfdən cəmiyyətdə, siyasi elitada, ziyalılarda Azərbaycana silah satışı ilə bağlı Rusiyadan haqlı narazılıqlar var, digər tərəfdən Ermənistan Respublikasının Aİİ və KTMT çərçivəsində əməkdaşlıqdan faydalandığına dair arqumentlər əhəmiyyətli dərəcədə axsayır. Belə olan halda, təbii ki, Ermənistanda “Çıxış”ın təşəbbüsünün geniş vüsət alması təhlükəsi var – bütün bundan irəli gələn nəticələrlə bir yerdə.
Qəribədir ki, hakimiyyət nümayəndələri müxalifətin yanaşmalarını bölüşmədiklərini, Aİİ və KTMT-yə alternativ görmədiklərini sübut etmək üçün səylərini əsirgəmirlər. Eduard Şarmazanov artıq iki həftədir ki, bununla bağlı müsahibə verir və dünən o, hətta tribunadan çıxışını da bu məsələyə həsr edib. “Biz bir daha qeyd edirik ki, Ermənistanın xarici siyasət prioritetləri, yəni Ermənistan-Rusiya müttəfiqlik münasibətləri, Ermənistanın Aİİ və KTMT-yə üzvlüyü nəinki yenidən nəzərdən keçirilməyə ehtiyac duymur, həm də genişlənməyə meyllidir”.
Paralel olaraq hakimiyyət anti-Rusiya əhval-ruhiyyəsinin mümkün qədər ört-basdır edilməsi və üzə çıxmaması ilə məşğul olur. Bunun üçün hətta absurd addımlar da atırlar, məsələn, Tumanyanın ev-muzeyində “Qaranlıq” sərgisinin keçirilməsinə qadağa qoyurlar. Sərgi Stalin repressiyalarının 100 illiyinə həsr olunub və hakimiyyət bunu anti-Rusiya siyasi elementi kimi qiymətləndirib.
Eyni məntiqlə Ermənistan Respublika Partiyası Ağsaqqallar Şurasındakı “Çıxış” fraksiyasının İrəvanın bəzi küçələrinin adının dəyişdirilməsi təklifinin müzakirəsinə imkan vermir. Burada da anti-Rusiya elementi görünür, xüsusən də Rusiya Federasiyasının siyasi dairələri bu fikrə öz qəzəblərini ifadə etməkdə gecikmədilər.
Görünür, tezliklə İrəvan “besedka”larında söhbətlər zamanı Rusiya Federasiyasına qarşı hər hansı sözlərin deyilməsinə qadağa qoyulacaq.
Və belə bir vəziyyətdə İvan Volınkinin bu qədər əsəbi olması ən azı qəribədir. Yoxsa, rusiyalı dostlar hakimiyyət təmsilçisinin Ermənistanın yaxın gələcəkdə Aİİ və KTMT-yə heç bir alternativinin olmadığı və olmayacağı barədə bəyanatlarına inanmırlar?/teleqraf.com