Ermənistan-Azərbaycan sərhədindəki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib – Putin
Ermənistan-Azərbaycan sərhədindəki hadisələr göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib.
Bunu Rusiya prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Kollegiyasında çıxışı zamanı deyib.
O xatırladıb ki, bir il əvvəl Qarabağ münaqişəsi Rusiyanın fəal vasitəçilik səyləri sayəsində dayandırılmışdı.
“Amma bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib. Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının rolu artır”.
V.Putin əlavə edib ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpasında, nəqliyyat dəhlizlərinin açılmasında da Rusiya diplomatiyasının rolu böyükdür.
“Fikrimcə, orada perspektivlər yaxşıdır. Regionun bütün ölkələri, eləcə də Rusiya bu problemlərin uzunmüddətli həllində maraqlıdır” – deyə, o, vurğulayıb.