Paşinyanın qərarı “fırtına” qopardı: “O, öyrənəndə ki…”
“Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyində dəyişiklik informasiya məkanında əsl fırtına yaradıb. Bazar ertəsi baş nazirin təklifi ilə prezident Arşak Karapetyanı nazir vəzifəsindən azad edərək, onun yerinə baş nazirin müavini Suren Papikyanı təyin edib”.
Bu barədə “Sputnik Ermənistan” yazıb.
Mənbə qeyd edib ki, Papikyanın təyinatı və onun sələfi Arşak Karapetyanın vəzifədən kənarlaşdırılması Azərbaycan qoşunlarının sərhədyanı bölgədə növbəti irəliləyişindən sonra baş tutub:
“Bu barədə mətbuatda və sosial şəbəkələrdə ötən bazar gününün ikinci yarısından iddialar yayılmağa başlayıb.
Karapetyan və onun rəhbərlik etdiyi qurum əvvəlcə baş verənlərlə bağlı natamam məlumat verərək cəmiyyəti informasiya vakuumunda saxlamaq qərarına gəlib. Üstəlik, bəzi söz-söhbətlərə görə, nə vaxtsa baş nazir Nikol Paşinyan özü də elə bir boşluqda olub ki, hərbçilər ona cəbhə xəttində baş verənlərlə bağlı bir qədər fərqli mənzərə təqdim etməyə çalışıblar. Amma sonradan nə baş verdiyini və necə baş verdiyini öyrənən Paşinyan Karapetyanla vidalaşmaq qərarına gəlib.
Hərbi ekspert David Arutyunovun fikrincə, hakimiyyət Müdafiə Nazirliyindəki sistemli problemlərin həllinə ümid edərək, qurumu hakim elita içərisində yüksək statusa malik olan şəxsə həvalə edib.
Ekspert Papikyanın bunu həll edə biləcəyinə şübhəylə yanaşır. O hesab edir ki, problemlər təkcə Müdafiə Nazirliyi ilə məhdudlaşmır, daha genişdir: “Yəni təkcə naziri dəyişməklə hərbi idarədə asayişi bərpa etmək mümkün deyil. Ermənistan Silahlı Qüvvələrinin qarşısında duran problemlər o qədər çoxdur ki, bir nəfər onları həll etmək iqtidarında deyil”.
Politoloq Suren Surenyantsa görə, Papikyanın təyinatında məqsəd siyasi rəhbərliyin müdafiə idarəsi üzərində nəzarətini gücləndirməkdir. O, Paşinyanın seçimini “zəif və uğursuz” adlandırıb.
Ekspert Papikyanın hərbi sahəyə yad insan olduğunu deyib.