Qonşu ölkələrdə son vəziyyət – Buster dozaya zərurət artır
Dünyada indiyə qədər koronavirusun fərqli ştammları qeydə alınıb. Virus fasiləsiz olaraq mutasiya edir. Bu səbəbdən yeni növlərə rast gəlmək təəccüblü deyil. İyul ayında koronavirusun aşkar edilən yeni növü “AY.4.2” tədricən bütün dünyaya yayılmağa davam edir.
Ümumilikdə dünya, eyni zamanda region ölkələrinə nəzər salsaq, COVID-19 virusuna yoluxma hallarının kəskin artımı müşahidə olunur.
Məlumata görə, Rusiyada son sutka ərzində 1 163 nəfər koronavirusdan vəfat edib. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.
Yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.
Türkiyədə son sutkada koronavirusa 24 409 yoluxma (209 ölüm), Gürcüstanda 3 965 yoluxma (43 ölüm), İranda isə 9 893 yoluxma (123) ölüm halı qeydə alınıb.
Yoluxmalar artsa da bir çox ölkələrlə müqayisədə Azərbaycanda düzgün karantin tədbirləri və vaksinasiya prosesi sayəsində hazırda vəziyyət nəzarət altında saxlanılır.
Pandemiyanın davam etdiyini, yeni subvariantların yarandığını və mövsümlə əlaqədar qrip xəstəliklərinin daha geniş vüsət aldığını nəzərə alaraq, bütün dünyada buster dozanın önəmi vurğulanır. Artıq dünyanın bir sıra qabaqcıl ölkələrində üçüncü dozanın tətbiqi genişləndirilib.
İnfeksionistlər qeyd edirlər ki, koronavirusun yeni növlərindən qorunmaq üçün xüsusilə buster dozalara əhəmiyyət verilməsi zəruridir.
Aparılan tədqiqatlar nəticəsində buster dozanın immuniteti 5-10 dəfə gücləndirdiyi sübuta yetirilib. Səhiyyə Nazirliyi də hər iki doza vaksin qəbul etmiş risk qrupuna aid olan şəxsləri, xroniki xəstəlikləri olanları, bütün tibb işçilərini və yaşı 60-dan yuxarı olan şəxsləri üçüncü dozanı qəbul etməyə çağırıb.
Vaksinasiya prosesi ilə yanaşı, fərdi gigiyenik qaydalara riayət etmək, qapalı məkanlarda maskadan istifadə etmək də mütləqdir./trend.az