“Qarabağ xalçası” Zəfər günündə Şuşada nümayiş olunacaq
“Qarabağ xalçası” Şuşanın Xalça Muzeyinə təhvil veriləcək. Gələcəkdə də muzeydə eksponat kimi saxlanılması mümkündür”.
Bu fikirləri “Qarabağ ilmələrdə” layihəsinin rəhbəri Orxan Cabbarov deyib.
Onun sözlərinə görə, hazırda “Rebuild Karabakh” sərgisində nümayiş olunan xalçanın Xarıbülbül olan hissəsi bu gün ərzində yekunlaşacaq: “Xalça növbəti mərhələlərdə işğaldan azad olunan ərazilərə daşınacaq və orada xidmət edən hərbçilər də bu xalçaya ilmə vuracaq. Toxunma prosesi yekunlaşandan sonra Zəfər günündə Şuşada nümayiş olunacaq”.
O.Cabbarov bildirib ki, xalçaya ilk ilmələri “Azərxalça”nın Qarabağ müharibəsində iştirak edən əməkdaşları vurub: “Artıq bu layihə uzun müddətdir davam edir. Gördüyünüz kimi, xalça hazırda yarıya qədər toxunub. Bölgələrdə səyyar formada daşınan xalçaya xeyli vətəndaşlar ilmə atıb. Onların arasında şəhid ailələri, qazilər və Vətən Müharibəsi qəhrəmanları var. Demək olar ki, toxunma proesi bütün bölgələri əhatə edib”.
Xalçanın bölgələrə daşınmasında qürurlu anlar yaşadığını deyən layihə rəhbəri vurğulayıb ki, Sumqayıtda olanda general Polad Həşimovun anası da xalçaya ilmə vurub: “Ağcabədidən keçəndə bir şəhid anası xalçaya ilmə vurmaq istəyini dedi. O, Laçın rayonundan olan şəhid Etibar Nəcəfovun anası idi. Hətta elə şəhid anaları var idi ki, onlar bir ilmə də şəhid oğullarının yerinə vururdu. Hərəkət məhdudiyyəti olan qazilərimiz də xalçaya ilmə vurmaq üçün bölgələrdə bizi gözləyirdilər. Proses boyunca çəkilişlər həyata keçirmişik. Bu materiallardan xalça toxunduqdan sonra “Qarabağ ilmələrdə” adlı qısametrajlı filmin hazırlanmasında istifadə olunacaq”.
O.Cabbarov qeyd edib ki, xalça “Azərxalça”nın dizaynerləri tərəfindən hazırlanıb: “Qədim naxışlarımızı özündə əks etdirən Çələbi xalçasıdır. Necə ki, Vətən müharibəsi əhvalımızı dəyişdi, bu xalça da naxışlarımızı dəyişdi. Bundan sonra biz xalçalarımızda Xarıbülbül naxışı görəcəyik. Bu xalça Xarıbülbül ilə toxunan ilk xalçadır. Xalqın əlinin istisi dəyən Zəfər xalçasıdır. İlmə vuran şəxslərin hər birinin adı bölgələr üzrə qeyd olunur. Xalça pasportlaşdırıldıqdan sonra bu adlar da hansısa bir yerdə əks olunacaq. Hər birimiz Şuşada xalçaya baxanda deyəcəyik ki, bu naxışlara biz də ilmə vurmuşuq. Layihənin həm media, həm də xalq tərəfindən bu qədər marağa səbəb olması məni sevindirir. Mən bu xalçanı Azərbaycanın Vətən müharibəsində atdığı addımlarına bənzədirəm. Bu şərəfli yükü müharibədə Ali Baş Komandan və Azərbaycan Ordusu öz çiyinlərində daşıdı. Biz də hansısa yollarla çalışdıq ki, orduya dəstək olaq. 44 günün hər biri bir an oldu. Bu, xalqımızın birliyini simvolizə edən bir layihədir. Çünki torpaqlarımız qarış-qarış azad olundu. Azərbaycan Ordusu zəfəri ilmə-ilmə toxudu. Bu xalça bütöv Azərbaycanı özündə əks etdirən bir xalçadır. Qarabağ xalçasını ümumi Azərbaycan toxudu”.
Layihə rəhbəri özünün də Qarabağdan olduğunu deyib: “Kəlbəcərdəki kənddə insanların məşğuliyyətlərindən biri də xalça toxumaq idi. Kəndin kişiləri bu cür dəzgahlar düzəldərdi. Xanımlar da oturub xalça toxuyardı. Mən də uşaqlıqdan görmüşəm ki, bir xalçanı bütöv kənd toxuyardı. Bu, kəndin mehribanlığının nümunəsi idi. Vətən müharibəsini də xalçanın toxunması prosesinə bənzətdiyimdən bu ideyanı həyata keçirmək istədim”.
Qeyd edək ki, layihə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC dəstəyi və təşəbüsü ilə təşkil olunub. Vətəndaşlar oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” sərgisində nümayiş olunan xalçaya ilmə vura bilərlər. / report.az