Ərdoğanın Qarabağa ikinci səfəri: Türkiyə lideri Füzulidə hansı mesajları verəcək?
İlqar Vəlizadə: “Türkiyə davranışları ilə bu təhdidlərin həm də Ankaraya olduğunu göstərməyə, adekvat cavab veriləcəyini bildirməyə çalışır”
Asif Nərimanlı: “Prezidentlər İran sərhədlərinin yaxınlığında Türkiyə və Azərbaycanın birliyini növbəti dəfə nümayiş etdirəcəklər və ünvan da Tehran olacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycanda olacaq. Türkiyə mediasının məlumatına görə, qardaş ölkənin lideri Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılacaq. Açılış günü 26 oktyabrda baş tutacaq. “Haber Global” məlumat verir ki, Türkiyə hər zaman haqq işini dəstəklədiyi Azərbaycanı bu xoşbəxt gündə də tək qoymayacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 14 yanvarda təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı ən yüksək beynəlxalq standartlara uyğun olaraq 8 ay ərzində inşa edilib.
Ötən il sentyabrın 27-də Ermənistanın təxribatlarına əks hücüm əməliyyatı ilə başlayan və 44 gün davam edən, Azərbaycanın qələbəsi ilə yekunlaşan Vətən müharibəsindən sonra bu, Ərdoğanın Azərbaycana üçüncü səfəridir. Türkiyə Prezidenti müharibədən sonra ilk səfərində dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında iştirak etmişdi.
Bundan sonra qardaş ölkə rəhbəri ikinci səfərini işğaldan azad olunan Qarabağa – Şuşaya etmişdi. Hansı ki, 2021-ci il, iyunun 15-ə təsadüf edən səfərdə tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Oktyabrın 26-da Ərdoğanın Füzulidə aeroportun açılışında iştirakı Türkiyə liderinin Qarabağa sayca ikinci səfəri olacaq.
Ekspertlər bildirirlər ki, Ərdoğanın Füzulidən bölgə dövlətlərinə, eləcə də regionda maraqlı olan dövlətlərə müəyyən müsajlar verəcəyi gözlənilir.
Politoloq İlqar Vəlizadə bildirib ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılması ilə dünyaya bəyan etmək istəyir ki, Azərbaycanın hər uğurlu addımında Türkiyə qardaşının yanındadır: “Xüsusən də Ərdoğan səfəri ilə bölgə ölkələrinə mesaj verir. Təəssüflər olsun ki, Cənubi Qafqazda ciddi və narahatedici proseslər davam etməkdədir. Qarabağ münaqişəsi bitəndən, postmünaqişə dövrü start götürəndən sonra bəzi dairələr tərəfindən Azərbaycana təhdidlər edilir. Türkiyə isə davranışları ilə bu təhdidlərin həm də Ankaraya olduğunu göstərməyə, adekvat cavab veriləcəyini bildirməyə çalışır”.
“Təbii ki, bu təhdidlərə Azərbaycan cavab verməyə qadirdir və cavab verir. Rəsmi Bakı hansısa qüvvələrə çağırış etmir ki, bu təhdidlərə qarşı bizim yanımızda olun, bizi dəstəkləyin. Beynəlxalq güclər sadəcə ədalətin yanında olmağa çağırılır. Lakin Türkiyə qardaş ölkə olaraq könüllü şəkildə Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Düşünürəm ki, indiki əlaqələrin, dostluğun, müttəfiqliyin, qardaşlığın xarakterini nəzərə alaraq Azərbaycanın yanındadır. Yəni ki, Ankara müharibə dövründə olduğu kimi, postmünaqişə dövründə də Bakıya dəstəyini davam etdirəcək. Ərdoğanın Qarabağa ikinci səfərinin qayəsində bu dayanır”, – İ.Vəlizadə əlavə edib.
Analitik bildirib ki, Ərdoğan Füzulidə çıxışında yəqin ki, Azərbaycana qarşı təhdidlərlə bağlı fikir bildirəcək: “Hansısa açıqlama verməsə belə, Türkiyə liderinin səfərinin mesajı budur ki, Azərbaycana qarşı təhdidlər real müstəviyə keçərsə, o zaman həmin qüvvələr təkcə Bakı ilə yox, eyni zamanda, Ankara ilə də hesablaşmalı olacaqlar. Yeri gəlmişkən, Azərbaycana son təhdidlər, gərginliklərlə bağlı Türkiyə rəsmiləri tərəfindən hansısa dəstək açıqlaması verilmədi. Əlbəttə, buna ehtiyac da yoxdur. Dediyim kimi, Azərbaycan hər təhdidə istənilən cavabı laiqli şəkildə verməyi bacaran müstəqil dövlətdir. Türkiyə də nümayiş etdirir ki, Azərbaycanın daxili və xarici işlərinə qarışmır. Amma qardaş ölkəsinə qarşı hədələr, təhdidlər real problemə çevrilsə, Ankara buna seyirçi qalmayacaq”.
Siyasi icmalçı Asif Nərimanlı isə bildirib ki, Ərdoğanın Qarabağa ikinci səfəri iki kontekstdə əhəmiyyətlidir: “Birincisi, ilk səfərindən – Şuşa Bəyannaməsinin imzalanmasından sonrakı siyasi proseslərin inkişafı baxımından. Proseslər Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçi görüşündə Cənubi Qafqazda birgə hərəkət etməklə bağlı razılaşdığını deməyə əsas verir. Bura kommunikasiyaların açılmasından tutmuş əməkdaşlıq platformasının yaradılmasına qədər, bir çox məsələ daxildir. Soçi görüşündən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya dəvət edilməsi də anlaşmanın icra edilməsi istiqamətində addımların atıldığını göstərir. Təbii ki, Türkiyə və Rusiyanın regionun görmək istədikləri gələcəyi Bakı-İrəvan xəttində həlledilməli məsələlərdən keçir: üçtərəfli razılaşmaların icrası, sərhədlərin delimitasiyası, yükun sülh sazişinin imzalanması, yaxud ən azından sülh sazişinə qədər vacib olan məsələlərin həll edilməsi. Fikrimcə, bununla bağlı kulislərdə müzakirələr davam edir. Bu mənzərə fonunda Ərdoğanın Qarabağda Rusiyaya ünvanlanan mesajlarının sərt olmayacağı, əksinə, əməkdaşlıq çərçivəsində ola biləcəyini deyə bilərik”.
“İndi əsas ünvan İran olacaq. İranın məhz Soçi görüşündən sonra aqressivləşməsi də Ərdoğanla Putinin bölgə ilə bağlı anlaşdığına dair daha bir ehtimal yaradır. Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti Füzulidə – İran sərhədlərinin yaxınlığında Türkiyə və Azərbaycanın birliyini növbəti dəfə nümayiş etdirəcəklər və ünvan da Tehran olacaq. Əslində Ərdoğanın Füzuli hava limanının açılışında iştirak etmək istəkləri arasında İranın aqressiyası səbəblərdən biri ola bilər”, – deyə analitik vurğulayıb.
“İkincisi, Füzuli Beynəlxalq Hava Limanının əhəmiyyətidir”, – deyən A.Nərimanlı vurğulayıb ki, bu hava limanı azad olunmuş ərazilərin inkişafı, o cümlədən, ərazidə hərbi manevr imkanlarının genişləndirilməsi ilə yanaşı, beynəlxalq nəqliyyat şəbəkəsi baxımından da xüsusi əhəmiyyət daşıyır: “Bilirik ki, açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəsinin marşrutlarından biri olacaq. Bu yolun üzərində yerləşən Füzuli aeroportu beynəlxalq yük daşımalarında daha da asanlaşdırır”.
“Bakı və Ankaranın planı iki ölkəni Zəngəzur dəhlizi ilə birləşdirməklə beynəlxalq nəqliyyat şəbəkəsindəki paylarını artırmaqdır. Füzuli aeroportunun inşa edilməsi də qlobal layihədə iki ölkənin üzərlərinə düşən işi icra etmələri, bir növ “ev tapşırığı”nı yerinə yetirmələridir. Bundan sonra Zəngəzur dəhlizinin açılması daha da aktuallaşır və Ərdoğanın səfərində bu məsələ daha qəti şəkildə qoyulacağını, mesajların da bu yöndə veriləcəyini deyə bilərik”, – siyasi icmalçı fikrini yekunlaşdırıb./ayna.az