Mehmet Perinçek: “İran Azərbaycanın qələbəsinə sevinməli idi”
Qarabağda Vətən Müharibəsi bitəndən bir il sonra Cənubi Qafqazda vəziyyət necə dəyişdi?
Niyə İranla Azərbaycan arasında gərginlik yarandı və bundan kimlər faydalanır?
Bu suallarımıza türk politoloq, tarix elmləri doktoru Mehmet Perinçek cavab verib:
“Dərhal qeyd etmək istəyirəm ki, Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın uzlaşan maraqları var, bu ortaq maraq Qərb qüvvələrinin regional işlərə müdaxiləsinin qarşısını almaqdan ibarətdir. Şimali Atlantika dünyası ölkələrinin bölgədəki təxribatlarının qarşısını almaq lazımdır. Yuxarıda adlarını çəkdiyim ölkələrin marağı Cənubi Qafqazda sabitliyin təmin edilməsidir. Bunun üçün isə Qarabağ konfliktini həll etmək lazım idi ki, Azərbaycan da bir il əvvəl bunu etdi. Qarabağ məsələsinin həll edilməməsi bölgədə sabitliyin pozulmasının əsas mənbəyi idi və bu, Qərbin müdaxiləsi üçün bəhanəyə səbəb olurdu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Bakının Qarabağ müharibəsindəki qalibiyyəti müsbət rol oynadı. Və bu, bütün regional dövlətlər üçün sərfəlidir.
Qarabağ probleminin həlli bölgəmizdə yeni bir dövrün başlamasına səbəb olur, iqtisadi və siyasi inteqrasiya üçün fürsət yaranır. İran buna sevinməli idi, çünki bölgə ABŞ və Fransa olmadan sabit bir sülh dövrünə qədəm qoymaq şansı əldə edib. Bakıda haqlı olaraq qeyd edildi ki, Azərbaycan ordusu vuruşaraq həmçinin Corc Sorosun “uşaqları”na qalib gəldi. Məgər bu, İranın maraqlarına ziddir? Azərbaycan əsgərləri təkcə öz ölkələri naminə deyil, həm də regional sabitlik və firavanlıq naminə qanlarını axıtdılar. Tehran bu faktı gözardı etməməlidir”.
– Buna rəğmən, İranın Azərbaycana qarşı fərqli ritorikası var.
– Bu, Tehranın xeyrinə deyil. İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi yalnız Qərb ölkələrinin marağındadır. Onlar dünyanın müxtəlif yerlərində daim qarşıdurma və mübahisələr yaratmaq, Moskva ilə Ankara, Türkiyə ilə Suriya arasında gərginlik yaratmağa çalışırlar.
Bu cür konfliktlər dövlətlərin bir-biri ilə tam hüquqlu əməkdaşlıq qurmasına mane olaraq, Qərbin öz məqsədlərinə çatmasına səbəb olur. İran rəhbərliyi dərk etməlidir ki, nə Türkiyənin, nə də Azərbaycanın heç bir ekspansionist niyyəti yoxdur. Hətta Bakı ilə Ankara arasında hərbi əməkdaşlıq qonşu ölkələrə qarşı yönəlməyib, bu münasibətlər yalnız onların öz ərazi bütövlüyünü qorumaqla bağlıdır. Bu, İran üçün də faydalıdır, çünki Azərbaycanla Türkiyənin qarşılıqlı əlaqəsi Qərbin regional işlərə qarışmasına mane olur.
Ölkələrimizin güclənməsi yalnız dövlətlərimizin mövqelərinin möhkəmlənməsinə səbəb olacaq. Axı artıq belə bir nümunə də var – Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astana prosesi. Qərbin rolunu minimuma endirsək, o zaman istənilən problemləri həll etməyə qadir olacağıq. Bir daha Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıqdan danışmaq istəyirəm. Bu, regional əməkdaşlığın inkişafına yardım edir. Bu prosesdə “altı tərəfli platforma” da bizə kömək edə bilər. İndi bu “3 + 3” formatıdır (Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İran). Bu fikir Bakıda və Ankarada səsləndirildi, indi Moskva tərəfindən də dəstəklənir. Eyni masa arxasında oturub problemləri tez həll etmək lazımdır.
Ən əsası, Türk ölkələri arasındakı əməkdaşlıq da daxil olmaqla istənilən növ inteqrasiyaya dəstək vermək lazımdır. Bu, bütün qonşu dövlətlərə regional təhlükəsizliyi təmin etməyə kömək edəcək. Xüsusilə olaraq qeyd edim ki, Ermənistan üçün heç bir təhlükə yoxdur, heç bir ölkə onun ərazi bütövlüyünə müdaxilə etmək niyyətində deyil. İrəvan isə milli maraqlarını, sosial, iqtisadi, siyasi problemlərini yalnız qonşuları ilə əməkdaşlıq şərtində həll edə bilər./oxu.az