Qış hələ gəlməyib, əhali qaz limitini keçib – Soyuq aylarda əhalinin istilik xərcləri xeyli artacaq

 

Tarif Şurasının qərarına əsasən, 1 iyul 2021-ci il tarixindən etibarən Azərbaycanda təbii qazın qiyməti təxminən 2 dəfə bahalaşıb. Bu bahalaşma birbaşa rəqəmlə ifadə olunmasa da, tətbiq olunan yeni qaydalar müəyyən qiymət artımına səbəb olacaq.

Sözügedən tarixə qədər Azərbaycanda vətəndaşlar 2200 kubmetrə qədər istehlak etdikləri qaz üçün 10 qəpik, daha sonrakı sərfiyyat üçün isə 20 qəpik ödəyirdilər. Tarif Şurasının son qərarı ilə güzəştli istehlak limiti 55%-dək azaldılaraq 1200 kubmetrə salınıb. Yeni tarifə əsasən, 1200-2500 kubmetr arası hər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən yuxarı isə 25 qəpik müəyyən olunub.

Tarif Şurasının izahatında qeyd olunub ki, abonentlərin 51 faizi (təqribən 5 milyon nəfər) 1200 kubmetr istehlakı keçməyəcəyini nəzərə alaraq “qənaət limiti” tətbiq olnub. Əlavə edilir ki, qiymət artımı təqribən 49 faiz abonenti əhatə edəcək.

Metroloji təxminlər bu il Azərbaycanda qış mövsümünün sərt keçəcəyindən xəbər verir. Soyuq ayların hələ qabaqda olmasına baxmayaraq, bir çox abonent artıq sentyabr ayından qaz limitini keçdiyini bildirir. Deməli, payız aylarında istilik sistemlərinin intensiv işləyəcəyini nəzərə alsaq, yanvar ayına qədər vətəndaşların böyük əksəriyyətinin limiti keçəcəyi gözlənilir. Xüsusən, kənd yerlərində və şəhərlərdə sahəsi böyük olan mənzillərdə yaşayan abonentlərin istilik xərcləri xeyli artacaq.

Nəzərə alsaq ki, ölkədə maddi gəliri az olan əhalinin əksər hissəsi rayonlarda və şəhər ətrafında tikilən yeni yaşayış massivlərində yaşayır, deməli, bahalı qaz taarifləri onların sosial vəziyyətini ağırlaşdıracaq.

Vətəndaşlar sosial şəbəkələrdə, ictimai sorğularda qaz limitinin azaldılmasından şikayətlənirlər. Bəzi abonentlər artıq bir neçə aydır yeni tariflə ödəniş etdiklərini bildirirlər. Bunun onların büdcəsində ağır yükə çevrildiyini də bildirirlər.

Paytaxt sakini Zahidə Xəlilbəyli bildirib ki, qaz limiti azaldıldığından həyət evlərində yaşayan insanların oduna təlabatını artacaq. Bu da meşələrin qırılmasına gətirib çıxaracaq.

Kənan Cavadov isə qeyd edir ki, artıq 1 aydan çoxdur limiti keçib, yeni tariflə qaz pulu ödəyir. Onun sözlərinə görə, hər ay 50 manat ödəsə də, yeni tarifə görə, vəsaitin yarısı hesabdan silinir.

Murad Salmanov deyir ki, qaz limiti az olduğundan, elektrik enerjisindən istifadə etməli olur: “Soyuq ayların hələ irəlidə olacağını nəzərə alıb, qazdan az istifadə edirik. Bu problemi həll etməsə də, başqa əlacımız yoxdur”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, qazın limitinin və limitdənkənar qiymətinin artırılması barədə qərar SOCAR-ın Tarif Şurasına müraciəti əsasında qəbul edilib.

Onun sözlərinə görə, SOCAR bunu hazırki qiymətlərlə ölkə daxilində qaz satışından mənfəət yox, zərər gəlməsi ilə əsaslandırıb: “Həqiqətən, əgər biz SOCAR-ın illik hesabatlarına nəzər salsaq görərik ki, 2016-cı ildən başlayaraq şirkət qazın əhaliyə satılması üçün çəkilən ümumi xərclərin onun satışından gələn vəsaitdən aşağı olduğunu qeyd edib. Belə olduğu halda ya SOCAR-a dövlət büdcəsindən dotasiya verilməsi davam etdirilməli, ya da qazın satış qiyməti artırılmalıydı. Biz də ikinci qərarın verilməsinin şahidi olduq”.

Ekspertlər bildirirlər ki, qazın güzəştli limitinin azalmasına və yeni tarifi nəzərə aldıqda bu il abonentlərin 70 faizdən çoxunun 1200 kubmetrlik limiti keçəcəyi proqnozlaşdırılır. Qeyd olunur ki, həyət evlərində yaşayanların əksəriyyəti indidən qaza 20 qəpikdən ödəniş etməyə məcbur olublar.

OPEC-in qaz ixrac edən ölkələr barədə hesabatına görə, keçmiş SSRİ ölkələri arasında 1 trilyon kubmetrdən çox qaz ehtiyatlarına malik olan beş dövlət var. Onlardan biri də Azərbaycan olsa da, təbii qazı əhaliyə digərlərindən xeyli baha satılır. Məlumatda qeyd olunur ki, hər kubmetrini Azərbaycan 25 qəpiyə (2500 kubmetrdən yuxarı red.), Türkmənistan 1 qəpiyə, Özbəkistan 4 qəpiyə, Qazaxıstan 10 qəpiyə, Rusiya isə 13 qəpiyə satır./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password