Çinə qarşı həmlə: Nüvə silahlanması artır… – Pekin narahatdır
Rəsmi Pekin ABŞ, İngiltərə və Avstraliya arasında imzalanan AUKUS təhlükəsizlik razılaşmasının bölgədə nüvə silahlanmasını daha da artıracağına dair Vaşinqtonu xəbərdarlıq edib.
Bunu Çinin Xarici işlər naziri Vang Yi açıqlayıb.
Nazir AUKUS razılaşmasının bölgədə nüvə silahlanmasına stimul verəcəyini və bunun da regionda silahlanma yarışını artıra biləcəyini qeyd edib: “Nüvə silahlanması və ümumi silahlanma yarışı regional rifah və sabitliyə zərər verəcək”.
“Nüvə enerjisi ilə işləyən sualtıqayıqlar əslində nüvə silahı daşımaq qabiliyyətinə malik strateji nəqliyyat vasitəsidir. Avstraliyanın hərəkəti regional strateji şərtləri pozacaq və Cənubi Sakit Okean Nüvə Sərbəst Bölgə Razılaşmasını imzaladığı halda öhdəliklərini gərəksiz hala gətirəcək”,- Pekin rəsmisi bildirib.
Vang Yi əmindir ki, AUKUS regionda “Soyuq müharibə” zehniyyətinin yenidən canlanmasına yol aça bilər.
Qeyd edək ki, bundan əvvəl Avstraliya, ABŞ, Hindistan və Yaponiya “Dördlər” ittifaqı qurmaqla Hind-Sakit okean bölgəsində inkişaf edən Çin təsirinin qarşısını almağa çalışırdı.
İndi bölgədə Çinin artan güc və təsirinə qarşı Avstraliya, ABŞ və İngiltərə AUKUS adlı yeni təhlükəsizlik anlaşması imzalamaqla Pekinə qarşı faktiki ikinci ittifaqı dövriyəyə çıxarıb.