İsrail İranın atom proqramını dayandırmaq üçün “alternativ plan” üzərində işləyir
“Amerika və digər qlobal güclər müzakirələrin uğursuz olacağı halda İrana qarşı alternativ planın üzərində düşünürlər”.
Bu sözləri İsrailin Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Gilad Erdan deyib.
Onun sözlərinə görə, artıq atom razılaşmasının canlandırılması şansı getdikcə mümkünsüzləşir. Buna görə də Amerika başda olmaqla dünya gücləri getdikcə daha çox İranın atom proqramını dayandırmaq üçün “B” planı üzərində işləyirlər.
Diplomat bildirib ki, İranın atom razılaşmasına qayıtmaması bu məsələ ətrafında dünya ictimaiyyətinin baxışını tamamilə dəyişdirəcək.
Qeyd edək ki, İran son aylarda atom fəaliyyətini daha da genişləndirib. Dünya birliyi İranı atom silahı əldə etmək üçün atdığı bu təxribatçı addımlardan çəkinməyə çağırsalar da, Tehran prosesi davam etdirərək atom silahının “haram olduğunu”, buna görə də bu silahı əldə etməyə çalışmadığını iddia edir.
Ancaq təhlilçilərin fikrincə, İranın atom silahının haram olmasını qabardaraq guya bu silahı əldə etmək niyyətinin olmadığını iddia etməsi əsassızdır. Çünki dini hökmlərə əsasən, zərurət hallarında haram olan donuz ətini yemək, içki içmək halal ola bildiyi kimi, müəyyən dövrdə İran da artıq İsrail və Amerikaya, eləcə də başqa ölkələrə qarşı mübarizədə zərurət halına düşdüyünü, buna görə də atom silahı əldə etməyin belə bir son durumda haram olmadığını irəli sürə bilər./konkret.az