“Arazın o tayındakı təlimlər Azərbaycana qarşı dostluq niyyəti güdmür” – Deputat
İran Arazın o tayında – Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Özü də İranın budəfəki hərbi toplanışı Azərbaycan-Türkiyə-Pakistan hərbçilərinin birgə “Üçqardaş” təlimlərindən sonra gerçəkləşdi.
Mövcud beynəlxalq təcrübəyə görə, hər hansı bir ölkə sərhədyanı ərazilərdə hərbi təlimlər keçirməzdən öncə, qonşu dövlətləri diplomatik kanallar vasitəsilə məlumatlandırmalıdır. Çox güman ki, İran da təlimlərlə bağlı Azərbaycanı məlumatlandırıb və mediada yer alan məlumatlara görə Tehran tərəfindən Bakıya bildirilib ki, bu təlimlər Azərbaycana qarşı deyil.
Bu cavab bizi qane edirmi? Fikrimizcə, yox. Çünki açıq qalan suallar var. Birincisi, bu təlimlərin keçirilməsində məqsəd nədir? İran kimə əzələ nümayiş etdirir? İkincisi, niyə bu təlimlər məhz indi keçirilir? Bu Azərbaycan və Türkiyənin birgə keçirdiyi təlimlərə cavabdırmı? Yoxsa Azərbaycanın Gorus-Qafan yoluna nəzarəti gücləndirməsinə molla rejiminin əsəbi reaksiyasıdır?
Üçüncüsü və ən əsas məqam, İran Azərbaycan torpaqları işğal altında olan illərdə (1992-2020 –red.) çox vurğuladığı müsəlman həmrəyliyi, İslam təəssübkeşliyini rəhbər tutaraq bu “əzələ nümayişi”ni Ermənistana qarşı niyə etmədi?
Bəs görəsən bu təlimlər Ermənistanla sərhədi niyə əhatə etmir, yoxsa İranda Ermənistana xüsusi rəğbəti ilə seçilən hakimiyyət dairələri buna imkan vermir?
Azərbaycan ictimaiyyətində bu cür suallar çox müzakirə olunur. Sosial şəbəkələrdə də İranın son addımları geniş şəkildə müzakirə edilir və qınanılır.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev açıqlamasında söyləyib ki, İranın Azərbaycanla sərhəddə – Araz boyunda keçirdiyi təlimlər xoşməramlı deyil. Deputatın fikrincə, bu təlimlər Azərbaycana qarşı dostluq niyyəti güdmür:
“Birincisi, İranın “bu təlimlər Azərbaycana qarşı deyil” deməsi tam yalan məlumatdır. Bu birinci dəfə deyil ki, İran üzdə müsəlman dövləti obrazı yaradaraq Azərbaycanı dost, qardaş, mehriban qonşu kimi təqdim edir, ancaq əməldə 180 dərəcə fərqli siyasət yürüdür. İkincisi, əgər xatırlayırsınızsa, 44 günlük Vətən Müharibəsində Zəngilan rayonu işğaldan azad ediləndən dərhal sonra İran öz silahlı qüvvələrinin elitar birləşməsi olan 80 minlik “islam keşikçiləri korpusunu” müvafiq texnika, ələlxüsus da Araz çayını keçmək üçün istifadəa panton körpülərlə təchiz edərək Azərbaycanla sərhədə yığdı”.
Nəsib Məhəməliyevin sözlərinə görə, İran bununla göstərmək istəyir ki, istənilən vaxt Arazı keçib qonşu ölkənin – Azərbaycanın ərazilərinə daxil ola bilərlər:
“Müharibə bitəndən sonra İran rəsmiləri çıxışlarında bildirdilər ki, Ermənistanın “ərazi bütövlüyü onlar üçün qırmızı xətt”dir. Bunun ardınca İran 10-dan artıq generalını Ermənistana göndərdi. Bununla açıq şəkildə bəyan etdilər ki, onlar Ermənistan ordusunun yenidən formalaşdırılmasında, qurulmasında maraqlıdırlar. Daha sonra İranın Ermənistandakı səfiri sərhəd bölgəmizə gəldi. Binoklla Azərbaycan tərəfinə nümayişkəranə şəkildə baxış keçirdi. Bundan sonra Tehran sərhədlərin delimitasiya və demarkasiya proseslərinə maneələr yaratmağa başladı. Ən əsası, İran region dövlətləri arasında yeganə ölkədir ki, Zəngəzur dəhlizinin açılmasının qəti şəkildə yolverilməz olduğunu Ermənistanın nəzərinə çatdırdılar. Bildiyimiz kimi region dövlətlərinin əməkdaşlıq platforması – “altılıq formatı” müəyyənləşdirilmişdi. Buraya Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, o cümlədən İran daxildir. Bu formatın işləməməsinin birbaşa günahkarı İrandır. Bugünkü təlimlərdə və bundan əvvəlki proseslərdə qanunsuz olaraq Azərbaycanın beynəlxalq müstəvidə tanınmış ərazilərinə yük daşınmalarını – ərzaq, qeyri-ərzaq, yanacaq – təşkil etmək, belə olan halda öz qanunsuz fəaliyyətlərini ört-basdır etmək üçün yükdaşıyan maşınların nömrələrini dəyişdirmək, oradakı yazıları dəyişdirmək və sair bu kimi hallar bizim cənub qonşumuzun “fəaliyyətinin” bilavasitə nəticəsidir. Çox təəssüflər olsun ki, İran dövlət səviyyəsində yalan danışmağa davam edir”. Deputat hesab edir ki, İran Azərbaycana qarşı düşmən mövqeyi yürüdür, bu cür siyasət həyata keçirir:
“Baxmayaraq ki, Azərbaycan son 30 ildə İrana qarşı qonşuluq, əməkdaşlıq, dini təəssübkeşlik kimi normaları qorumasına baxmayaraq, dünya birliyi tərəfindən sanksiya altında olan İrana qarşı hər hansı bir layihədə yer almadı. İrana qarşı bütün münasibət normalarını qorudu. Ancaq bütün bunlar cənub qonşumuz tərəfindən zəiflik kimi qiymətləndirildi. Zaman keçdikcə Tehran İrəvana daha çox yardımlar etməyə başladı. Bizim dini abidələrimiz, ekologiyamız dağıdılanda, tarixi abidələrimiz ermənilər tərəfindən məhv ediləndə, ələlxüsus 67 məscidimiz yerlə yeksan olunanda bu “islam dövləti” heç bir reaksiya vermədi. İndi Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycan xalqı dostunu və düşmənini çox gözəl tanıdı. Müharibədə hansı dövlətlərin bizim yanımızda olduğunu çox gözəl bildi”.
Millət vəklinin fikrincə, üç qardaş ölkənin: Türkiyə-Azərbaycan-Pakistan silahlı qüvvələrinin keçirdiyi təlimlər cənub qonşularımızda çox ciddi qısqanclıq yaradır:
“Bizim güclənməyimiz onların yuxusunu ərşə çəkib. İran məhz bunun əleyhinə olaraq həmin təlimləri başlayıblar. Bu, sadəcə gülünc “əzələ nümayişi”dir. Bu üç qardaşın güclü, inkişaf etmiş ordularının, Azərbaycan Ordusunun, onun müzəffər Ali Baş Komandanının qarşısında cılız bir rişxənd doğurur. Mən belə hesab edirəm. Çox təəssüflər olsun ki, təhlükə daha çox başqa tərəfdəndir. Arazın o tayında təlim keçən ordu Azərbaycana heç nə edə bilməz. Mən bunu tam məsuliyyətimlə deyirəm. Biz İranın Azərbaycandakı agent şəbəkəsinin, İranın buradakı cəhalət, xurafat toxumlarının qarşısını almalıyıq. Vahid, güclü dövlət şəklində təcavüzkarlara qarşı mübarizə aparmalıyıq. İran deyir ki, bu təlimlər Azərbaycana qarşı deyil. Bəs kimə qarşıdır? Ermənistana qarşı deyil, çünki sən onun qardaşısan. Türkiyə və İran arasında min kilometrlərlə ölçülən böyük sərhəd zolağı var. Azərbaycanla Türkiyənin sərhədi isə Sədərək bölgəsindədir və cəmi 11 kilometrdir. Bu təlimlər Pakistana, Əfqanıstana, Türkmənistana, Gürcüstana, Rusiyaya, İraqa qarşı deyil, bəs kimə qarşıdır?! Sən kimi aldadırsan?!”.
Nəsib Məhəməliyev Ərdəbilin “imam-cümə”si, İranın ali dini liderinin nümayəndəsi Həsən Amulinin Azərbaycan haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib:
“İranın ali dini liderinin nümayəndəsi, molla Həsən Amuli din xadimidir, siyasətçi deyil. Onun danışıqlarından sülh qoxusu gəlməlidir. Leksikonunda hədə-qorxu anlayışları olmamalıdır. Qonşu ölkələrə hədə-qorxu gəlməməlidir, qonşu ölkələrin rəhbərliklərinə toxunmamalıdır. Onun din adamı olmasına şübhə edirəm. Ümumiyyətlə, onların islam dininə heç bir aidiyyatı yoxdur. Hədə qorxu gəlir və hər məsələdə “İsrail izi” axtarır. Azərbaycan xalqı İsrailin də, İranın da harada, kimin yanında olduğunu çox yaxşı gördü. Sən kimi aldadırsan?! Yəni, belə dələduzlar təhlükəlidir”.