Ərdoğandan 3 ölkəyə Qarabağ mesajı: “Dünya sizdən böyükdür”
“Ərdoğan “Dünya 5-dən böyükdür” cümləsini böyük ehtimalla BMT-nin bir neçə gündən sonra başlanan sessiyasında da təkrarlayacaq”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyə prezidentinin yeni işıq üzü görmüş kitabı haqda danışıb: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünlərdə “Daha ədalətli bir dünya mümkündür” kitabının təqdimatı keçirilib. Kitabın əsas qayəsini Ərdoğanın illərdir səsləndirdiyi “Dünya 5-dən böyükdür” tezisi təşkil edir. Ərdoğan dünya məsələlərinin yalnız BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən müzakirəsinin və qərarların bu əsasda qəbul edilməsinin əleyhinədir.
Ərdoğan kitabında ədalətsizlik, qaçqın böhranı, beynəlxalq terrorizm və İslam əleyhdarlığına toxunaraq BMT-nin hökumət, funksionallıq, fəaliyyət, əhatəedicilik, təmsil və idarə problemlərinə diqqət çəkib, bu qurumda geniş islahata ehtiyac duyulduğunu bildirib.
Ərdoğanın kitabda xatırlatdığı əsas tezislər bunlardır:
– “Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim günahsız deyil”.
– “Bu gün dünya üzrə ən çox ehtiyac duyulan mövzuların başında ədalət gəlir. Qlobal ədaləti təsis etmək öhdəliyini götürən təşkilatlar çox təəssüf ki, böyük bir ətalət içindədir”.
– “Mərhəmətini itirmiş bir zəmanədə bizə ədalətin nümayəndəsi, vicdanların səsi olma məsuliyyəti düşür”.
– “Güclünün haqlı olduğu deyil, haqlının güclü olduğu bir sistem yaradana qədər “Dünya beşdən böyükdür” deməyə davam edəcəyik”.
– “Keçmişin ehtiyaclarına görə qurulmuş təşkilatlarla bu günün məsələləri həll edilmir, əksinə, onlar daha da yeni problemlər çıxarır”.
– “Bizim anlayışımıza görə, dünyanın nizamını, qurtuluşunu və xoşbəxtliyini yalnız ədalət təmin edər. Daha ədalətli bir dünya üçün ümid və güvən verən bir qlobal nizama ehtiyac vardır”.
Ərdoğanın “Dünya 5-dən böyükdür” cümləsi əsasında Türkiyədə eyniadlı dərnək də fəaliyyət göstərir. Dərnək Ərdoğanın tezislərini yerli və xarici auditoriyalara çatdırır. Dərnəyin əlavə tezisi budur: “Biz 1,7 milyard müsəlmanın təmsil edilmədiyi ədalətsizlik rejimə qarşı çıxırıq”.
Elxan Şahinoğlunun fikrincə, həqiqətən BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü – ABŞ, Rusiya, Böyük Britaniya, Çin və Fransa bir çox hallarda probelmlərin həllini sürətləndirməkdə acizdirlər, bir sıra hallarda isə bir-birlərinə mane olurlar:
“Məsələn, Təhlükəsizlik Şurasında bu günə qədər irəli sürülən 2446 qətnamə layihəsinə 249 dəfə veto qoyulub. Rusiya 112 veto ilə liderdir, daha sonra bu ölkələr gəlir: ABŞ – 81 veto, Böyük Britaniya – 29 veto, Fransa – 16 veto, Çin – 11 veto. Bəzi məsələlər isə birinin veto hüququndan istifadə ediləcəyi proqnozlaşdırılıdğına görə ümumiyyətlə müzakirəyə çıxarılmır. Ərdoğan veto sisteminin aradan qaldırlmasını, o cümlədən BMT Baş Assambleyasının 130 üzvünün səsverməsinin həlledici olmasını zəruri sayır. Ərdoğan hesab edir ki, BMT Təhlükəsizlik Şurasının sayı 5-dən 20-yə qədər artırılmalı və Təhlükəsizlik Şurasının Baş Asambleya qarşısında hesabatlılığı olmalıdır.
Rəcəb Tayyib Ərdoğan “Dünya 5-dən böyükdür” cümləsini böyük ehtimalla BMT-nin bir neçə gündən sonra başlanan sessiyasında da təkrarlayacaq. Onun təklifi 5 daimi üzvün xoşuna gəlməsə də, Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyən Yaponiya, Hindistan və Almaniya kimi ölkələrin maraqlarına cavab verir. Məsələn, Yaponiya və Hindistan Çinin regional siyasətindən narazıdırlar. İl yarım əvvəl Çin-Hindistan sərhədində toqquşmalar qeydə alındı, itkilər oldu. Çin Təhlükəsizlik Şurasının daimi üzvü və veto hüququna malik olduğuna görə Hindistanın etirazının BMT-də müzakirə mümkün deyildi”.
Ekspert Azərbaycanın da Türkiyəyə dəstəyini artıra biləcəyini istisna etməyib:
“Türkiyənin strateji müttəfiqi Azərbaycan Qoşulmayanlar Hərəkatının (BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisatdır) sədri kimi “Dünya 5-dən böyükdür” tezisini irəli sürən Ankaraya dəstəyini artıra bilər. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına da cavab verir. Məsələ burasındadır ki, BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü – ABŞ, Rusiya və Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədridir və onlar Qarabağla bağlı “status” mövzusunu dirçətlməyə çalışırlar. Bu isə Azərbaycanın maraqlarına ziddir.
Ona görə də Azərbaycan Qoşulmayanlar Hərəkatının sədri və Türkiyənin müttəfiqi kimi Ankaranın “Dünya 5-dən böyükdür” siyasətinə dəstək verməklə həm həmsdrlərin Minsk qrupunu inhisara almaq siyasətinə etiraz etmiş olacaq. Dünya 5-dən böyükdürsə, Minsk qrupu da 3-dən böyükdür”.