Bu təlimləri ona görə keçiririk ki… – Fazil Mustafa

 

Azərbaycan ilk dəfə olaraq Türkiyə ilə birlikdə işğaldan azad olunan ərazilərdə – Laçında hərbi taktiki-atış təlimlərinə başlayıb. Artıq Ermənistandan da Laçındakı təlimlərə reaksiya gəlib.

Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, İrəvanın narahatlığı anlaşılan deyil, çünki təlimlər öz ərazilərimiz daxilində gerçəkləşdirilir.

İndi sual olunur: Rəsmi İrəvan Azərbaycanın sərhədləri daxilində keçirilən hərbi əməliyyatlardan niyə narahat olmalıdır?

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa açıqlamasında söyləyib ki, biz Laçında Türkiyə ilə birgə hərbi təlimləri Ermənistanın narahat olması üçün keçiririk:

“Onlar bizi 30 il ərzində narahat ediblər. İndi də biz bir-iki ay onları narahat edək, ermənilər bir az narahat olsalar, yaxşıdır. Narahat olmasalar, ağıllanmırlar. Narahat olmadıqca ermənilər normal, mədəni insan kimi yaşamaq istəmirlər. Eyni zamanda vəhşiləşirlər. Torpaq işğal etməyə başlayırlar. İnsanları evlərindən, yurd-yuvalarından didərgin salmağa başlayırlar. Ermənilərin narahat olması onların adam olması, vəhşilikdən qurtulması deməkdir”.

Partiya sədri bildirib ki, Laçındakı hərbi təlimlər həm də tərbiyəvi xarakter daşıyır: “Son təlimlər təkcə hərbi xarakterli deyil. Biz erməniləri tərbiyələndiririk ki, sərhədlərinizdə əmin-amanlıq olmasını istəyirsinizsə, başqa ölkənin sərhədlərinə göz dikməyin. Eyni zamanda Türkiyənin ərazi bütövlüyünə qarşı çıxış etməyin. Ermənilər bütün bunların hamısını hesaba almalıdırlar. Əgər ermənilər bütün bunları hesaba almasalar, problemləri bundan daha artıq olacaq. Azərbaycan bu gün tək deyil, Bakı Ankara ilə bu prosesləri tənzimləməkdə qərarlıdır. Bütün hallarda Ermənistanın bizə qarşı atdığı addımların hamısı bumeranq kimi çevrilməkdədir”.

Fazil Mustafanın fikrincə, ermənilərin bütün bunlardan narahat olmaları xeyirli bir şeydir: “Eyni zamanda sevindiricidir. Çünki narahat olmaq həm də düşünmək deməkdir. İnsan nə zaman narahat olursa, o zaman düşünməyə başlayır. Rahat olanda düşünmür, deyir ki, ağlıma nə gəlirsə, elə onu da edim. Başqa xalqın torpağını tutmaq istəyir. Axı sən 30 ildir 10 milyonluq xalqı və 1 milyondan artıq məcburi köçkünü girinc etmisən. Sən özün də bunu hiss etməlisən ki, bütün bunlar nə deməkdir. Biz hələ sənin torpağına girməmişik, sənin ərazilərinə girsək, tamamilə çökərsən. Bizim atdığımız addımlar həm də Ermənistanın faydasına olan məsələdir”.

Deputat vurğulayıb ki, narahatlığı ortadan qaldırmaq üçün böyük sülh sazişi imzalamaq lazımdır:

“Bir də başqasının torpağına girməyəcəyəm – deyirsən, vəssalam, İrəvanda da oturub rahat yaşayırsan. Arada bir də buradan bazarlıq edib gedirsən, qidan da, rahatlığın da, işin də olur. Əgər azərbaycanlıları tarixi ata-baba yurdlarından qovanda, onların qəbirləri üzərində öz evlərinizi tikəndə, onları öldürəndə ürəyiniz sızlamadısa, indi niyə qorxu keçirirsiniz?! Əgər ermənilərin qorxu keçirmələri onların ağıllanmaları üçün bir vəsilədirsə, o zaman biz bu təlimləri dəfələrlə təkrar edəcəyik. Bütün bunların nəticələri də ermənilərdən asılı olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password