Dəniz taksiləri Bakı üçün alternativ nəqliyyat növü ola bilər

 

Dəniz taksiləri Bakı üçün alternativ nəqliyyat növü ola bilər.

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı dəniz taksilərinin sərnişin daşımalarında önəmli rol oynaya biləcəyini ifadə edib. Bildirib ki, sadəcə nə qədər rentabelli olacağı araşdırılmalıdır:

“Dəniz taksilərinin fəaliyyəti, dəniz üzərindən körpülərin salınması, müxtəlif qayıqların, gəmilərin sərnişindaşıma işinə cəlb olunması məsələsi uzun illərdir müzakirə olunur. Amma digər tərəfdən, Bakının küləklər şəhəri olması, dalğaların hündürlüyünün bu nəqliyyat növünün hərəkətinə təsiri və s. məsələlər bir az dərindən analiz edilməlidir. Bu barədə Xəzər Dəniz Gəmiçiliyinin və digər bu sahə üzrə mütəxəssislərin rəyi lazımdır. Ümumiyyətlə, sərnişin daşınmasından söhbət gedirsə, biz nəqliyyatçı kimi bunu dəstəkləyirik. Alternativ növdür, dünyanın bir çox ölkələrində var. Hətta adalarla zəngin ölkələrdə dəniz taksilərindən çox geniş istifadə olunur. Bu, turizm potensialını da gücləndirən amildir. Sadəcə olaraq, təkcə, Bakıdan Bakıya, Bakıdan Sumqayıt, Novxanı, Abşeron yarımadası istiqamətində yox, eyni zamanda Xaçmaz, Nabran, Lənkəran, yəni şimal və cənub istiqamətində də rentabellik, sərnişinlərin buna marağının hansı səviyyədə olması tədqiq edilməlidir. Azərbaycanda hazırda Sosial Tədqiqatlar Mərkəzi var. Bu mərkəz bununla bağlı sorğular keçirməli, aidiyyəti qurumlarla birgə müzakirə aparılmalıdır”.

Ekspert onu da əlavə edib ki, Xəzər dənizinin suyu getdikcə azalır. Bu səbəbdən konkret marşrutlar müəyyən etməyin real olub-olmamağı ilə bağlı Xəzər dənizində bəlkə aylarla, hətta illərlə araşdırmalar həyata keçirilməlidir:

“Bu gün bu nəqliyyat növü aktual görünə bilər, amma birdən suyun səviyyəsi daha da azaldı, o zaman nə baş verəcək? Bu cür nəqliyyat növləri milyonlarla vəsaiti batırmış olacaq. Bu səbəbdən hesab edirəm ki, ətraflı araşdırma olmalıdır. Bu gün Bakıda nəqliyyatın fəaliyyəti başqa cür tənzimlənə bilmir. Şəhər artıq boğulur. Xaotik tikinti bumu nəqliyyatı çıxılmaz hala gətirib. Bunun çıxış yolu olmalıdır. Məsələn, kənar dairəvi yollar çıxış yollarından biridir. Deyək ki, siz Qaradağ rayonundan gəlirsiniz və Maştağaya getmək istəyirsiniz. Bu yollar sizi şəhərə daxil olmadan ünvana aparır. Bakının baş planında kənar dairəvi yollar nəzərdə tutulub. Əgər bundan sonra vəziyyət dəyişməzsə, düşünürəm ki, dəniz nəqliyyatına da baxmaq olar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password