Ölümündən bir gün əvvəl Aytən Niftəliyeva vəkilə nələr danışıb… – Hadisə niyə və necə olub?

 

Avqustun 30-da, saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı – 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının Badamdar qəsəbəsində yaşadıqları evin çardaq hissəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı yayılan məlumatlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində ictimaiyyətin qınağına səbəb oldu. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 1 yaşlı körpə, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da hadisə baş verən zaman yerindəcə keçinib. Göstərilən  tibbi yardımlara baxmayaraq, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə aldığı Respublika Klinik Xəstəxanasında vəfat edib.
Aktualinfo.org hadisənin təfərrüatlarını öyrənmək məqsədi ilə Aytən Niftəliyevanın yaxın qohumları ilə danışıb. Yaxınların  sözlərinə görə, 3 illik evlilik müddətində gənc cütlüyün ailəsində tez-tez münaqişələr baş verirmiş. Valideyinlər el qınağından qorxub, qızlarını boşatdırmayıblar. Hətta faciə baş verməmişdən bir gün qabaq Aytən Sumqayıtda yaşayan anasının evinə gələrək dözə bilmədiyini və qəti olaraq boşanmaq istədiyini bildirmişdir.  Anası isə bir az dözməyi məsləhət bilmişdir. Aytən çarəsiz qalaraq ər evinə qayıtmışdır. Mərhumun anasının dediklərinə görə, hadisənin baş verdiyi gün də Aytən və Rəhman arasında davaya səbəb ərin başqa bir qadınla həyat yoldaşına xəyanət etməsi olub. Altı aydan çox idi ki, Rəhmanın başqa bir qız tanışı ilə münasibətinin olduğu bildirilir. Buna görə gənc ailədə tez-tez  dava düşürmüş. Hətta bu məsələni oğlanın atası, anası da bilirdilər. Faciə baş verən gün də aralarındakı qalmaqal xəyanətə görə yaranıb. Dava əsnasında Rəhman və anası Aytəni möhkəm  döyüblər. Qaynanası onu saçından tutub, sürüyürmüş. O dərəcədə xəsarət yetiriblər ki, üz almacıq sümüyü sınıb və sifət nahiyəsi  partlayıb. Aytən onların əlindən güclə qurtularaq, uşağı ilə birlikdə çardağa qaçıb xilas olmaq istəyib.  Bu zaman Rəhman da onu təqib edib. O, uşağı Aytənin əlindən dartıb almaq istəyəndə, körpə dartışma zamanı əllərindən  çardağın pəncərəsindən yerə düşüb. Bunu görən ana özünü atmaq istəyib, amma bir anlıq qorxub, ata bilməyib. Ardınca necə olubsa, Aytən də müəmmalı formada yıxılıb. Əlləri ilə çardağın dəmirindən yapışıb. Rəhmana yalvarıb ki, kömək et çıxım, ölmək istəmirəm. O isə üzünü çevirib, kömək etməyib. Aytənin əlləri boşalıb, 3-cü mərtəbə hündürlüyündən aşağı düşüb. Ayağa qalxıb övladına tərəf getmək istəyəndə huşunu itirib.  Ayaqları, sümükləri sınıb deyə ağrı şokuna girib. Bu arada Rəhman və anası körpə qızcığaz Tahirəni götürüb xəstəxanaya aparıblar.  Ondan sonra  səsə gələn qonşular yerdə Aytənin huşsuz vəziyyətdə qaldıqlarını görüblər və təcili yardım avtomobili çağırıblar. Bütün bunları isə Aytən komadan ayıldıqdan sonra vəkilinə danışdığı bildirilir.

Aytənin anası  qızının bilərəkdən yeznəsi tərəfindən itələndiyini iddia edir: “Qayınansıgil əvvəlcə mənə zəng edib, gəl qızını apar dedi. Tələsik Sumqayıtdakı evimizdən çıxıb taksiyə mindim. Elə bu arada yenə zəng edib ölüm xəbərini deyəndə qızımın 2-ci mərtəbədən özünü və uşağı atdığını bildirdilər. Ancaq qızım reanimasiyada yatanda bizə çardaqdan yıxıldığını bildirdilər. Daha doğrusu, ərinin onu itələyib-itələmədiyini bilmirdik. Qəfildən çardağın dəmirlərindən yapışdığını görüb. Onun qolları asılı vəziyyətdə qaldğı zaman hər ikisi sıyrılmışdı. Yəni, o çalışmışdır ki, özünü şardağın dəmirindən yuxarı çıxarsın, amma taqəti azalmış və yerə düşmüşdür. 

Rəhmangilin ailəsi qalmaqallı idi. Anası və özü həmişə qızıma qarşı zorakılıq edirdilər. Onu diz çökdürüb, üzr istədirdilər. Yoldaşım camaatdan ayıb bilib, boşanmalarını istəmirdi. Təsəvvür edin ki, Aytəni atası– 1-ci Qarabağ Müharibəsi veteranı  2020-ci ildə öləndə qırxına kimi onun yasına buraxmadılar. Belə insanlar idilər. Rəhman 3 gün ərzində bir dəfə də olsun, gəlib xəstəxananın küncündən baxmadı ki, görüm yoldaşım necədir. Mənim balamı da, nəvəmi də qurban etdilər”.

Bu arada baş vermiş ailə faciəsilə bağlı  Rəhman Niftəliyevin də öz fikirlərini sosial şəbəkə vasitəsilə geniş ictimaiyyətə açıqlayıb: 

– Bu hadisə ilə bağlı nə paylaşılırsa, hamısı əsassızdır, heç birində fakt, dəlil yoxdur. Paylaşanların hamısına yazmışam ki, sübut elə. Mənə deyirlər ki, “sənin balan dünyasını dəyişib, sən burada fakt istəyirsən”. Qoyursunuz ki, yasımı saxlayım? Bütün Bakıda biabır olmuşam, balamın yasını saxlaya bilmirəm. Bu qədər yetər. Məni balamın qatili adalandırırdılar, gördülər o söhbət yetmədi. Söhbəti dəyişdilər, indi də intihar deyirlər. Ədalət yerini tapacaq. Mən sübutlarımı tam şəkildə əlimdə saxlamışam və lazımı anda, lazımı yerlərə verəcəyəm. Bu gün axşam Aytənin valideynini, qardaşlarını canlı yayıma dəvət edəcəyəm. İttihamlarını soruşacağam. Mən heç kəsi ittiham etməmişəm, əgər əlimdə fakt varsa, bunu hüquq-mühafizə orqanlarına verərəm, orada-burada yaymaram. Onların işi ancaq qışqırmaq və qara yaxmaqdır. Dünyasını dəyişmiş balamın ruhuna hörmətsizliyə dözə bilmirəm və deyirəm ki, axşam danışacağam. Mənim yoldaşım və övladım dünyasını dəyişib, özüm də “qatil” adlandırılıram, amma fakt yoxdur. Bu gün nələr çəkdiyimə heç kim baxmır, – R. Niftəliyev etirazını bildirib. 

 Hazırda baş vemiş hadisə ilə bağlı Səbayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci Maddəsilə ( Özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanmışdır və istintaq araşdırmaları davam edir. Və nədənsə iki nəfərin ölümü ilə bağlı başlanmış cinayət işi üzrə hələlik heç kim məsuliyyətə cəlb edilməmiş, hətta formal da olsa polis nəzarətinə verilməmişdir. Bu arada Aytən Niftəliyevanın yaxınlarının bildirdiklərinə görə onlar işin ədalətlə aparılmasını gözləyirlər. Baxmayaraq ki, Aytənin atası 1 il əvvəl vəfat etmiş, anası isə sadə evdar qadındır. Yəni ailənin imkansızlığı, güclü dayaqlarının və adamlarının olmaması üzündən prokurorluq da hələlik daha yüngül – CM-nin 125-ci maddəsi əsassında araşdırmaya start vermişdir. İlk baxışdan bu növ hadisələrə adətən hüquq-mühafizə orqanları belə yanaşırlar.  

 A.Niftəliyevanın yaxınlarının bildirdiklərinə görə hadisə zamanı Aytənin çardaqdan asılı vəziyyətdə qalması və əri Rəhmanın ona köməklik göstərməməsi barədə qonşuluqda yaşayan şahidin adı gizli saxlanılmaqla ifadəsi alınmışdır. Digər tərəfdən bildirilir ki, ölümündən bir gün əvvəl huşu özünə gələn A.Niftəliyeva xəstəxana palatasında vəkilə baş vermiş hadisəni olduğu kimi danışmışdır. Həmin danışıq kənardan telefonla videoya çəkilmiş və mərhumənin qardaşları İlkin və Ceyhun tərəfindən respublikanın yuxarı direktiv orqanlarına göndərilmişdir.  

Azərbaycanda ŞOK İDDİA: Kişi övladını və arvadını binadan atıb? - YENİLƏNİB

Biz, hələlik bu videoda Aytənin onun ölümünə səbəb olmuş şəxs və ya şəxslərin hərəkətləri haqqında nə dediklərini istintaq sirri hesab edildiyinə görə açıqlamaq istəmirik.  Yalnız istintaq başa çatdıqdan sonra və gəldiyi nəticədən asılı olaraq videoçəkilişi ictimaiyytə təqdim etməyi planlaşdırırıq. Verilən məlumata görə videoda Aytən bildirib ki, “o özünü atmayıb, onu əri itələyib”. Hələlik isə baş vermiş hadisə ilə bağlı apardığımız müstəqil araşdırma zamanı  gəldiyimiz nəticə odur ki, İstintaq zamanı Cinayət Məcəlləsinin 125-ci maddəsi dəyişdirilərək  120-ci Maddəsi ilə  (qəsdən adam öldürmə) əvəzlənəcəkdir.  

 Digər sübut bundan ibarətdir ki, İnstaqram vasitəsilə canlı yayımda Rəhman Niftəliyev hadisəni öz bildiyi kimi təsvir edərkən qonşuluqda hadisəni seyr edən qız cavab vermişdir ki, “Sən gəlinə heç yaxın durmadın ki, yıxılmasın” cavabını vermişdir. Hesab edirik ki, istintaq zamanı bir azca təcrübəsi olan müstəntiq bu sübutları toplayaraq onun əsasında çox asanlıqla CM-nin 120.2.9-cu maddəsi üzrə ( “Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə” ) cinayət işinə başlanması üçün prokurora vəsatət verə blər. 

Biz izləyin. 

 

Aktualinfo.org

 
 

https://www.youtube.com/watch?v=JLkWmFh8qT0 

https://www.youtube.com/watch?v=HhoGrA1UeHI 

https://www.youtube.com/watch?v=tKaRvC26pJQ 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password