Mədəniyyət sektorunda “əbədi karantin…” – Teatrlar, kinozallar nə zaman açılacaq?
Artıq il yarımdır ki, Azərbaycanda teatrlar, kinozallar tamaşaçıların üzünə bağlıdır. Bu il iyunun 10-dan ölkədə əksər xidmət və iaşə obyektlərinin fəalliyəti bərpa edilsə də, yumşalma qərarları mədəniyyət sektorundan yan keçib.
Təəccüb doğuran məqam odur ki, ictimai nəqliyyat, böyük ticarət mərkəzləri, metro kimi əhalinin sıx olduğu yerlərlə bağlı qadağalar götürüldüyü halda, daha az sayda insanın toplaşdığı kinozallar, teatr binaları tamaşaçısız qalıb. Avqustun 20-də keçirilən Operativ Qərargahın birifinqində də bu sahədəki qadağaların aradan qaldırılması ilə bağlı müzakirələrin aparılmadığı bildirilib.
Qeyd edək ki, 14 mart 2020-ci ildən fəaliyyətini dayandıran kinoteatrlar, teatrlar və kino istehsalı şirkətləri Nazirlər Kabinetinin qərarı ilə pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinin sırasına daxil edilib. Hökümət bu sektorda iş yerlərinin azalmasının qarşısını almaq məqsədi ilə siyahıya daxil olan şirkətlərdə əmək müqaviləsi əsasında çalışanların maaşlarının müəyyən hissəsini ödəyir. Lakin dövlət tərəfindən müəyyən dəstək olsa da, bu, yetərli deyil. Bu səbəbdən sözügedən sahədə çalışan şirkətlər tənəzzülə uğrayırlar. Hətta kinoteatrların fəaliyyəti bərpa olunsa belə tamaşaçını yenidən kinozallara qaytarmaq üçün ciddi addımlar atılmalıdır.
“Park Cinema”-nın meneceri Rüstəm Fətəliyev “Mediapost.az”-a açıqlamasında deyib ki, qadağalar götürülsə belə, kinoteatrları tam doldurmaq mümkün olmayacaq: “Xarici ölkələrdə insanların tədricən cəlb edilməsi üsulundan istifadə olunur. Məsələn, Rusiya, ABŞ və Avropanın əksər ölkələrində kinoteatrlar açıqdır və tamaşaçılar oraya maska ilə daxil ola bilirlər. Biz də bunu bir oturcaqdan bir, ara məsafəsi saxlamaq şərti ilə, bütün qaydalara əməl etməklə reallaşdıra bilərik. Düşünürəm ki, vaksinasiya bitdikdən sonra dövlətimiz bu sahəylə də bağlı müəyyən yumşalmalar edəcək. Kinoteatrlarda çalışanların çoxu hazırda ya yeni iş tapıb, ya da işsizdir. Amma əksəriyyəti işsiz qalıb və tək çarə olaraq, kinoteatrların açılmasını gözləyirlər”.
Xatırladaq ki, İtaliya, İraq, Çin, Albaniya, Bəhreyn, Misir, Kipr, Şimali Makedoniya, Norveç kimi ölkələrdə teatr və kino mərkəzləri sərbəst fəaliyyət göstərir.
Bəs, Azərbaycanda necə, vətəndaşlar kinoteatrların açılmasını istəyirlərmi? Bunu müəyyənləşdirmək üçün onlayn sorğu keçirdik.
Paytaxt sakini Rasim Mehdiyev deyir ki, pandemiyadan əvvəl həftədə bir dəfə kinoteatra gedib: “Orada ruhi və mənəvi rahatlıq tapırdım. Artıq yavaş-yavaş kinoteatrın yolunu belə unuduram. Onlayn kino platformalarından istifadə etsəm də, bu, böyük ekranın yerini vermir”.
Başqa bir sorğu iştirakçısı isə Türkiyədə kinozalların açıldığını xatırladıb: “Qısa zamanda bizdə də bu qadağa ləğv edilməlidir. Mən istəyirəm ki, kinozallar açılsın, amma maska taxılsın və müəyyən sayda tamaşaçı qəbul edilsin”.
Tanınmış aktyor Azər Aydemir bildirib ki, kinoteatrların bağlı olması insanların emosional disfunksiyasına gətirib çıxarır. Onun sözlərinə görə, stres atmağın, müsbət enerji yığmağın yolu həm də kinoteatrlara və teatrlara getməkdir: “Teatrda çalışan aktyorlara əmək haqqı ödənilsə də, tamaşaçılar üçün darıxırıq. Teatrların bağlı qaldığı müddətdə xüsusilə gənc aktyorlarımız bu sahədən uzaqlaşıb. Səhnədən uzaq qalanların bir çoxu da öz peşəsini yadırğayıb. Mədəni istirahətin koronavirus rəqəmlərinin artıb-azalmasına heç bir adiyyatı yoxdur”.
Qeyd edək ki, pandemiya ilə bağlı dünyada yaranan arzuolunmaz vəziyyət kino sahəsində yeniliklərə səbəb olub. Belə ki, 2020-ci ildə onlayn film şəbəkələrinə abunə və izlənmə sayında rekord artım qeydə alınıb. Bu şirkətlərdən ən populyar olanları “Exxen”, “Netflix”, ”Blu tv”, “Amazon Prime”-dır. Ən böyük nüfuza sahib “Netflix” şirkətinin abunə sayı hazırda 207 milyondur. Ekspertlər düşünürlər ki, həm də bu səbəbdən kinoteatrlar əvvəlki illərdə olduğu qədər tamaşaçı toplamaqda böyük çətinliklərlə üzləşəcəklər.
Statistik məlumatlara görə, qapanmalardan sonra intihar hallarının sayında artım müşahidə edilir. İnsanlarda ciddi psixoloji problemlər yaranıb. Vətəndaşların mədəni istirahət ehtiyacının ödənməməsi, teatrdan, kinozallardan uzaq qalması onların həyatını gərginləşdirir. Ekspertlər vəziyyəti yüngülləşdirmək, insanlara psixoloji dəstək vermək üçün kinoteatrların açılmasını faydalı sayırlar./azpolitika.info