“Pəncşir şiri”nin oğlu təslim olur?

 

Əfqanıstanda “Taliban”ın nəzarət etmədiyi yeganə vilayətdə-Pəncşir vadisində möhkəmlənmiş Əhməd Məsud-əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu təslim olmağa hazırlaşır.

Bu məlumatı Britaniyanın “The Telegraph” qəzeti Əhməd Məsudun yaxın ətrafındakı mənbəyə istinadən yayıb.

Mənbə deyib ki, onun təslim olmağa hazırlaşmasının səbəbi Pəncşir vadisində formalaşan müqavimət hərəkatına hansısa ciddi xarici dəstəyin göstərilməməsidir. Belə vəziyyətdə isə taliblərə müqavimət mənasızdır.

Lakin “Iran İnternational” nəşrinin müxbiri Tacuddin Suroş yenə də Əhməd Məsudun yaxın ətrafındakı mənbəyə istinadən hər hansı belə planların müzakirə olunmadığını bildirib. Bundan əvvəl Əhməd Məsud Əfqanıstanın keçmiş mədəniyyət naziri və “Taliban”ın liderlərindən biri Əmirxan Müttəki ilə telefonla danışıb. Taliblərin lideri gənc səhra komandirini təslim olmağa inandırmağa çalışıb, deyib ki, silahı yerə qoymaq lazımdır, çünki “Taliban”la müharibə mənasızdır. Cavabında “Pəncşir şiri”nin oğlu təslim olmayacağını bildirib və deyib ki, onun qüvvələri yaxşı təchiz olunub və güclü döyüş əzminə malikdir.

Pəncşir vadisində etnik taciklər yaşayır və vilayətin əhalisinin sayı 140 min nəfərə yaxındır. “Taliban” vadini mühasirəyə aldığını bildirir və qonşu Baqlan vilayətində-Pəncşirin girişində üç strateji rayonu nəzarət altına aldığını açıqlayıb. Pəncşir vadisinə çəkilmiş vitse-prezident və özünü qanuni prezident elan edən Əmrulla Saleh isə bildirib ki, “Taliban” Pəncşir vadisinin girişində yerləşən Əndərab rayonundan geri çəkildikdən sonra bu rayonu mühasirəyə alıb, ora ərzaq və yanacaq buraxmır. Nəticədə minlərlə dinc sakin humanitar fəlakətlə üzləşə bilər.

Ötən gün Tacikistanın Əhməd Məsudun qüvvələrinə silah göndərdiyi haqda xəbərlər yayılmışdı, amma rəsmi Düşənbə bu məlumatları tərk edib. Analitiklərə görə, hələlik Məsudun müqavimət hərəkatına Əfqanıstanda nüfuz bölgüsü uğrunda mübarizə aparan xarici güclərdən heç biri dəstək göstərməyə meylli deyil, çünki onlar indi “Taliban”la anlaşmağa və piroqdan daha böyük tikə qoparmağa çalışırlar. Lakin daha sonra vəziyyət dəyişə bilər-“Taliban” bu güclərdən hansısa birinin maraqlarına zidd hərəkət etsə Əhməd Məsudun da xarici dəstək qazanmaq şansı artacaq./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password