Üçtərəfli İşçi Qrupu niyə birdən-birə toplandı və hansı gizli danışıqlar aparılır?

 

Rusiya Federasiyası Hökumətinin saytında verilən məlumata görə, Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun iclası keçirilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk üçtərəfli İşçi Qrupunun işini bərpa ediblər. Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini müzakirə ediblər.

Xatırlatmaq yerinə düşər ki, 2021-ci il yanvarın 11-də Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada bölgəni inkişaf etdirmək və kommunikasiyaların açılması məqsədi ilə birgə bəyanat imzalayıblar.

Bundan sonra sənədə uyğun olaraq, Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinləri – Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin birgə rəhbərliyi altında üçtərəfli İşçi Qrupu yaradıldı. Başlanğıcda, xüsusən, MDB çərçivəsində və üçüncü ölkələrlə bölgədə daşımaların həyata keçirilməsi və onlara müvafiq nəzarətin təmin edilməsi ilə bağlı bağlanmış beynəlxalq müqavilələrin inventarlaşdırılması planlaşdırılırdı.

Amma qrupun işi yayda dayandırılmışdı. Və gözlənilmədən 17 avqustda bərpa edildi. Maraqlıdır, buna hazırlıq niyə gizli şəkildə baş verdi? Axı heç kim heç nə açıqlamadı.

Xəbərin özü çox müsbətdir və bu qrupun işinin başlaması ilə Ermənistanla Azərbaycan arasındakı sərhəd gərginliyinin səngiyəcəyinə ümid verir. Və əgər tərəflər məqsədlərinə çatmaqda və Ermənistanla Azərbaycan arasında ən azından bir neçə kommunikasiya xəttini işə salmaqda uğur qazansalar, bunu bir irəliləyiş hesab etmək olar.

Bəs bunun yaxın gələcəkdə baş vermə şansı nə qədər böyükdür? Və münaqişəmizin əsas moderatoru olan Moskva bunda maraqlıdrımı? Bəlkə də bu, onun tərəfindən ortaya atılan bir oyundur, amma əslində Moskva tərəflərin nəticə əldə etməsinə heç vaxt imkan verməyəcək?

Suallarımızı bölgə üzrə tanınmış ekspertlər cavablandırıblar.

Ermənistanlı politoloq, hərbi ekspert Van Ambarsumyan:

“Birgə İşçi Qrupunun fəaliyyəti, mənim fikrimcə, Sev Liç gölü (erməni Qaragöl – R.O.) ərtrafında sərhədyanı kəskinləşmə səbəbindən dayandırıldı. Ancaq indi yenidən başladılar, çünki siyasətçilər müdaxilə etməsə, vəziyyət nəzarətdən çıxa bilər. Kəskinləşmə tendensiyası var və bu səbəbdən siyasətçilər danışıqlar prosesini birdən-birə bərpa etdilər.

Kommunikasiyaların açılmasına gəlincə, Ermənistan bunun arxasında müəyyən risklər görür – ilk növbədə İranla sərhədə çıxışı itirmək təhlükəsini”.

Rusiyalı politoloq, Strateji Araşdırmalar İnstitutunun aparıcı mütəxəssisi Konstantin Tasiç:

“Kommunikasiyaların deblokdası üzrə İşçi Qrupunun fəaliyyətinin dayandırılması Ermənistandakı daxili siyasi vəziyyətlə bağlı idi. Erkən parlament seçkiləri ərəfəsində respublika hökuməti istefa verdi və buna görə də Baş nazirin müavini beynəlxalq danışıqlarda iştirak edə bilmədi. Ermənistan-Azərbaycan sərhədində may ayında başlayan gərginlik nəqliyyat problemlərinin müzakirəsi üçün də mənfi fon yaratdı.

Ancaq bütün bu müddət ərzində işlər müvafiq qurumlarda mütəxəssislər səviyyəsində davam etdi. Ona görə də Ermənistanda yeni hökumət formalaşdıqdan sonra görüşlərin bərpasını tamamilə gözlənilməz adlandırmaq olmaz.

Əlaqələrin açılması və iqtisadi əlaqələrin bərpası üçün şanslar var. İki respublika rəhbərinin dəfələrlə dediyi kimi, həm Bakı, həm də İrəvan bununla maraqlanır. Mövcud ziddiyyətlər, xüsusən də müəyyən marşrutlarda və s. əsaslı xarakter daşımır və ölkələr üçün maksimum fayda əldə etmək istəyindən qaynaqlanır.

Güzəşt variantları tapmaq olduqca mümkündür. Azərbaycana mina sahələrinin xəritələrinin verilməsi və qalan məhbusların Ermənistana qaytarılması, habelə sərhədin delimitasiyası və demarkasiyası prosesinin başlaması ilə yanaşı, humanitar məsələlərin həllində irəliləmək də gərginlik səviyyəsinin endirilməsi üçün faydalı olardı.

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından və sərhədlərinə yaxın yerləşən Cənubi Qafqazda sabitləşmədə maraqlıdır. Bakı və İrəvan Moskvanın ən yaxın müttəfiqləri və strateji tərəfdaşlarıdır. Kommunikasiyaların açılması və tamhüquqlu iqtisadi əməkdaşlıq bölgədə rus biznesi üçün də yeni imkanlar açacaq”.

Azərbaycanlı politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu:

“Düşünürəm ki, üçtərəfli İşçi Qrupunun fəaliyyəti İlham Əliyevin və Nikol Paşinyanın Moskvaya səfərindən sonra bərpa edildi. Yəni dövlətlərin yüksək vəzifəli şəxsləri səviyyəsində bu hökumətlərarası qrupun işini bərpa etmək barədə razılaşma var idi.

Münaqişənin həlli baxımından bizə nə vəd edir? Düzünü desəm, burada çox nikbin deyiləm, çünki hər şey hələ də Moskva tərəfindən diktə olunur. Və Moskvanın maraqları və vəzifələri bizimki ilə çox vaxt üst-üstə düşmür. Moskva bütün Cənubi Qafqazı və ilk növbədə Azərbaycanı nəzarətə götürməyə çalışır.

İkincisi, Moskva kommunikasiya xətləri üzərində nəzarəti ələ keçirmək istəyir. Və buna görə də bütün kommunikasiyaların blokdan çıxarılması, əlaqələrin bərpası məsələləri çox kəskin formada qoyulub. Bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bütün dünya ölkələrini Cənubi Qafqazda kommunikasiyalardan istifadə etməyə çağırdı. Və belə bir çağırışın rus nazir tərəfindən səsləndirilməsi qəribə idi, baxmayaraq ki, bütün bunların ümumiyyətlə, Rusiya ilə heç bir əlaqəsi yoxdur.

Görünür, Kreml bu bölgədə söz sahibi olduğunu bir növ nümayiş etdirmək istəyir və deyir ki, “bizimlə əlaqə saxlayın və bütün bu problemləri həll edəcəyik”.

Düşünürəm ki, bu, Azərbaycanın suverenliyini təhlükəyə atır və bu barədə çox ciddi düşünməliyik – ümumiyyətlə Rusiyanın şərtlərini qəbul etməyə dəyərmi? Çox təəssüf ki, bütün bu işlərin olduqca gizli və əslində məxfilik şəraitində həyata keçirildiyinə görə, orada nə baş verdiyini ətraflı şəkildə bilə bilmərik. Müsbət ehtimal budur ki, kommunikasiyaların blokdan çıxarılması son nəticədə Ermənistanla Azərbaycan arasında sərhəd mübahisələrinin həllinə səbəb ola bilər”./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password