“Məqsəd Qarabağdakı qələbədən sonrakı nailiyyətləri daha yüksək səviyyəyə qaldırmaqdır” – Numan Kurtulmuş
İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Partiya sədrinin birinci müavini Numan Kurtulmuş, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Gəncə Heydər Əliyev Mərkəzi ilə tanış olan konfrans iştirakçılarına bildirilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib.
Numan Kurtulmuş Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış ikitərəfli Əməkdaşlıq Protokolundan sonra ilk belə konfransın Gəncə şəhərində keçirildiyini qeyd edib.
AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş konfransın Vətən müharibəsindəki Zəfərdən sonra keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Qarabağ zəfəri işğal altındakı ərazilərin ermənilərdən azad olunması ilə birgə bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çalaçağını göstərdi. Bu gün məqsəd bu qələbədən sonrakı nailiyyətləri daha yüksək səviyyəyə qaldırmaqdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov, SETA Araşdırmalar Mərkəzinin xarici əlaqələr üzrə mütəxəssisi professor Ferhat Pirinççi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev, AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala tədbirdə çıxış edərək Şuşa Bəyənnaməsinin əhəmiyyətindən və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafındakı rolundan danışıblar.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib