“Azərbaycan hərbçiləri Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar” – Politoloq
“Qarabağdakı əli silahlı erməni separatçıları əvvəlcə Ağdama ona görə atəş açdılar ki, bizə “yenidənqurma işlərinizə mane olacağıq” fikirlərini çatdırsınlar. İndi də, xarici ölkə səfirlərinin Şuşaya səfərinə pulemyot və avtomatlardan atəş açmaqla “cavab” verdilər”.
Bu fikirləri açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, əksinə özləri buna şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur: “Bəs biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə qazanmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib”.
Bəs münaqişə nə zaman bitəcək?
1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar;
2) Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar;
3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq;
4) Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq.
Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir”.