Yeni Suraxanıda qanunsuz tikinti aparan DYP rəisinin himayədarı bəlli oldu
İyun ayının 20-də Fövqəladə Hallar Nazirliyi tərəfindən Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Vağzal küçəsində vətəndaş tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilməsi və qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin dayandırılması, obyektin nəzarətə götürülməsi barədə məlumat yayılmışdı. Daha əvvəl isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xətai rayonu Yavər Səfərov ünvanında yerləşən,vətəndaşa məxsus birmərtəbəli fərdi yaşayış evində qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparılmasının müəyyən edilərək tikinti işləri dayandırılması barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu kimi rəsmi məlumatlarına elektron kütləvi informasiya vasıtələrində tez-tez rast gəlmək mümkündür. Yəni, qurum bununla ölkə ictimaiyyətinə hər şeyin nəzarət altında olduğunu çatdırmaq istəyir. Həm də ən ucqar kənddən tutmuş, şəhərlərin ən gizli ərazisində belə tikintisinə icazə sənədi olmayan obyektləri aşkarlayıb qanunsuz adlandırılaraq qarşısını almaq kimi səlahiyyət sahibləri olduğunu göstərməyə çalışırlar. Amma bu görəsən niyə ancaq sadə,kasıb vətəndaşlara şamil edilir?
Aktualinfo.org xatırladır ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev Mərkəzi kuçə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən,təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə artıq bir neçə dəfə ictimaiyyətə və aidiyyatı qurumlara məlumatlar çatdırıb. Niyə qanunsuz deyirik? Çünki burada tikinti işlərinə icazənin hansı dövlət qurumu tərəfindən veilməsinə artıq 5-ci aydır ki, aydınlıq gətirilmir. İstismar müddəti bitmiş neft quyularının yerləşdiyi ərazidə tikinti işlərini aparmağa sənədi hansı dövlət qurumu verib? Ümumiyyətlə neft quyularının yerləşdiyi ərazilərdə hər hansı bir yaşayış binasının və yaxud da iaşə obyektinin tikintisinə icazə verilirmi? Heç kim cavab vermir və yaxud vermək istəmir. Nə adı bir çox alqı-satqı əməllərində hallanan Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən,nə də 1 avqust 2018-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən. Nə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən,nə də Prezident İlham Əliyevin etimad göstərərək cəmi bir il bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin etdiyi Anar Quliyev tərəfindən.
Ötən yazıda da qeyd etdiyimiz kimi artıq ərazidə tikinti işlərini aparanın Binəqədi DYP-nin rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyevin olmasına heç bir şübhə yeri qalmayıb. Əldə etdiyimiz ən son məlumatlara görə Yeni Suraxanı qəsəbəsində Cəmşid Hənifəyevin yaxınlarına məxsus bir neçə ticarət və iaşə obyektləri artıq mövcuddur. Yeni ərazidəki tikinti işlərinə də Cəmşid Hənifəyevin nəzarət etdiy, tez-tez baş çəkdiyi bildirilir. Qeyd edək ki, Cəmşid Hənifəyev DYP sistemində çoxdan çalışır, Bakı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, xüsusi müşayiət bölüyünün komandiri,Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub. 25-02-2019-cu ildə Ramil Usubovun əmrinə əsasən, Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb, ötən ilin dekabrında Vilayət Eyvazovun imzaladığı əmrlə Binəqədi DYP-nin rəisi təyin edilib. Məlumatlara görə qeyri leqal olaraq geniş biznes şəbəkəsinə sahibdir. Əziz Əzizovdan aldığı torpaq sahəsində biznesini daha da genişləndirmək niyyətindədir.
Dəfələrlə rəsmi qurumlara müraciət etməyimizə baxmayaraq istismar müddəti bitmiş neft quyularının üstündə aparılan tikinti işləri artıq yekunlaşmaq üzrədir. Amma çox maraqlıdır ki, Şəmkirin bir kəndində aparılın tikintinin qanunsuzluğunu görən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakının mərkəzində, neft quyularının üstündə aparılan qanunsuz tikintini niyə görməzdən gəlir. Yeni Suraxanı qəsəbəsi Samir Əliyev Mərkəzi kuçə 9 unvanında aparılan qanunsuz tikintini niyə dayandırmır? Çünki bu tikintini sadə,kasıb bir vətəndaş deyil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu Cəmşid Hənifəyev aparır. Artıq ərazidə tikinti işlərinin aparılmasına sənədlərin qanuniləşdirilməsinə heç bir şübhə yeri qalmır. Nəinki istismar müddəti bitmiş, hətta neft verən quyuların arasında belə tikinti aparılmasına sənəd ortaya çıxarsa təəccüblənmərik. Birazdan istismar müddəti bitmiş neft quyularının üzərində tikilən, aşağıdakı şəkillərdə gördüyünüz obyektin ətrafında yerləşən ağacların kəsintisinin də şahidi olacağaıq. Onu da təbii ki, qanuniləşdirəcəklər. Axı Cəmşid Hənifəyev sıradan biri, sadə vətəndaş deyil, polis polkovnik-leytenantıdır, rəisdir,həm də Kəmaləddin Heydərov kimi bir nazirin yaxın qohumudur. Buna Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev nə edə bilər ki… Eləcə də digərləri.
Aktualinfo.org