Bakı Slavyan Universitetində Təhsil İnstitutunun rəhbərliyi ilə görüş keçirilib
İyunun 25-də Bakı Slavyan Universitetinin (BSU) təşəbbüsü ilə keçirilmiş görüşdə xarici dillərin tədrisi üzrə kadr hazırlığı prosesi, bu istiqamətdə ali təhsil müəssisəsinin qarşısında duran mühüm məsələlər, təhsil prosesinin bütün maraqlı tərəflərinin cəlb edilməsi vasitəsi ilə yüksək keyfiyyətli təhsil proqramlarının tətbiqi məsələləri müzakirə edilib. BSU-da təklif edilən təhsil proqramlarının əmək bazarının, o cümlədən müvafiq təhsil və kvalifikasiya standartlarının tələblərinə uyğunluğu, təhsil proqramlarının yenidən hazırlanması və təkmilləşdirilməsində, eləcə də məzunların peşəkar karyera inkişafının izlənilməsi və kadrların yenidən hazırlanması prosesində bu tələblərin nəzərə alınmasının vacibliyi vurğulanıb, bu istiqamətdə əməkdaşlığın imkanları müzakirə edilib. Görüş zamanı sosial elmlərin sahələri üzrə fəaliyyət göstərən ali təhsil müəssisələrində innovasiyaların dəstəklənməsi və transferi mərkəzlərinin yaradılmasının əhəmiyyəti qeyd edilib.
BSU-nun beynəlxalq əməkdaşlığının əhatəliliyinin genişləndirilməsi, professor-müəllim heyətinin akademik və elmi fəaliyyətinin beynəlmiləlləşdirilməsi və elmi nəticələrinin çəkisinin beynəlxalq elmi metrik bazalarda artırılması mühüm hədəflərdən biri kimi qeyd edilib. BSU-nun prioritet inkişaf istiqamətləri üzrə fəaliyyətinin təşkilinə dəstək verəcək layihə qrupunun yaradılması, təhsil proqramının hazırlanması üzrə təlimlər, brendləşmə məsələləri, eləcə də Təhsil İnstitutunun dəstəyi ilə xarici dil müəllimlərinin peşəkar bacarıqlarının artırılmasına yönəlik proqramlar müzakirə edilib.
Görüş zamanı BSU-da cəmlənmiş böyük elmi və pedaqoji potensialın imkanları, eləcə də ali təhsil müəssisəsinin özünəməxsus təcrübəsinin əhəmiyyəti qeyd edilib, mövcud potensialın slavyandilli ölkələrdə akademik diasporanın və diaspora məktəblərinin inkişafındakı mühüm perspektivləri vurğulanıb.
BSU-nun rektoru səlahiyyətlərini müvəqqəti icra edən Anar Nağıyevin, Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun, BSU və ARTİ-nin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə əməkdaşlığın əsas fəaliyyət istiqamətləri üzrə tədbirlər planının əlaqləndirmə qrupu yaradılıb.