Qara dənizdə Rusiya-Britaniya toqquşmasının pərdəarxası – Əmri şəxsən Conson verib!
Britaniyanın Baş naziri Boris Conson iyunun 25-də bəyan edib ki, onun ölkəsinin hərbi gəmisi “Defender” Qara dənizdə, ilhaq olunmuş Krımın sahillərində Rusiya ilə qarşıdurmada düzgün hərəkət edib, çünki London Rusiyanın bu yarımadaya ərazi iddialarını tanımır.
Consonun bu bəyantından bir gün əvvəl Rusiya tərəfi bildirmişdi ki, kral hərbi dəniz donanmasının “Defender” gəmisinə xəbərdarlıq atəşləri açıb və onu hərəkət kursunu dəyişərək Rusiyanın ərazi sularından çıxmağa məcbur edib.
Conson deyib ki, bu ərazi suları Ukraynaya aiddir və ondan “A” məntəqəsindən “B” məntəqəsinə ən qısa məsafədə getmək üçün istifadə olunması tamamilə qanunidir. Baş nazir əlavə edib ki, kral hərbi dəniz donanmasının gəmisi Krım sahillərində “bizim dəyərlərimizi müdafiə edirdi”.
Boris Conson onu da qeyd edib ki, hazırda London və Moskva arasında münasibətlər “Soyuq müharibə”-dən bəri ən aşağı səviyyəyə enib.
Xatırladaq ki, iyunun 24-də Britaniyanın Moskvadakı səfiri Debora Bronner “Defender” minadaşıyan gəmisi ilə bağlı insidentə görə Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. Rusiya XİN-in internet səhifəsində dərc olunmuş məlumata görə xanım Bronnerə Rusiya dəniz sərhədinin pozulmasına və Britaniya gəmisinin Rusiyanın ərazi sularında provokativ və təhlükəli hərəkətlərinə görə qəti etiraz bildirilib.
Moskva bildirir ki, iyunun 23-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) gəmiləri Britaniyanın hərbi gəmisi istiqamətində xəbərdarlıq atəşləri açıb. Rusiya sərhədçiləri Britaniya gəmisini Rusiya sərhədini pozmaqda ittiham ediblər. Onlar habelə bildiriblər ki, Britaniya gəmisi xəbərdarlıqlara məhəl qoymayıb.
Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, “Defender” beynəlxalq qanunla tanınan dəniz dəhlizi ilə hərəkət edib. Nazirlik bildirir ki, gəmi heyəti sözü gedən atəşləri Rusiya tərəfinin ona aid olmayan təlimləri kimi başa düşüb. Britaniya tərəfi habelə gəminin hərəkət çığırına bombalar atılmasını da inkar edib. Rusiya hərbçiləri isə “Defender” gəmisinin üstündən uçan Rusiya təyyarələrini əks etdirən videonu yayıblar.
FTX-nin iyunun 24-də dərc etdiyi videoda isə Rusiyanın keşikçi gəmisinin xəbərdarlıq atəşi açdığı görünür. İnsident zamanı gəminin göyərtəsində olan BBC müxbiri deyib ki, “Defender” Krım yaxınlığındakı sulara bilərəkdən daxil olub. Müxbirin sözlərinə görə, Britaniya Krım ətrafındakı akvotoriyanı Ukrayna ərazisi kimi tanıdığını bir daha nümayiş etdirib.
Bu arada “The Teleqraf” qəzeti iddia edib ki, “Defender” gəmisinin ilhaq olunmuş Krım sahillərindən keçməsi barədə qərarı Britaniyanın Baş naziri Boris Conson şəxsən qəbul edib. Hökumət mənbələrindən qəzetə verilən məlumata görə bu qərar Britaniyanın müdafiə naziri Ben Uolles və xarici işlər naziri Dominik Raab arasında kəskin mübahisəyə səbəb olub. Raab gəminin mübahisəli ərazidən keçməsinə qarşı idi. O bildirirdi ki, Rusiya bu insidentdən öz xeyrinə istifadə edə bilər. Hökumət “The Teleqraf” qəzetinin iddialarını şərh etməyib.