Bakı Slavyan Universitetində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
İyunun 25-də Bakı Slavyan Universitetində (BSU) onlayn formada 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə BSU-nun fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər strukturların məsul şəxsləri, professor-müəllim heyətinin nümayəndələri, universitetdə fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Microsoft Teams”platforması vasitəsilə keçirilən tədbirin moderatoru, BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova tədbir iştirakçılarını 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb. Prorektor Xanım Sultanova bildirib ki, 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü xalqımız üçün çox əziz və əlamətdar bir bayramdır. Xalqımızın böyük oğlu, müasir müstəqil dövlətimizin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 22 may 1998-ci tarixli Sərəncamına əsasən, 26 iyun tarixi hər il ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində xalqımız Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük Qələbə qazandı. Məhz bu böyük Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Biz bu möhtəşəm Qələbəyə görə bu il Silahlı Qüvvələr Gününü daha yüksək əhvali-ruhiyyə ilə qeyd edirik.
Prorektor Xanım Sultanova çıxışında qeyd edib ki, BSU-nun məzunu Vüqar Süleymanov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. Universitetin 3 məzunu- Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə qəhrəmancasına şəhid olublar.Şəhid polkovnik,Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, “YAŞAT”Fondunun və “Davam” Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyev BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin builki məzunudur. BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi daim şəhidlərimizin xatirəsini əziz tutur.
Sonra tədbirdə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə ” Milli Ordumuz-milli qürur mənbəyimiz” mövzusunda,həmin kafedranın dosenti Nərgiz Nağıyevə isə ” Qalib Ordumuz” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, xalqımızın XX əsr tarixinə şanlı və parlaq səhifə kimi daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi xidmətləri sırasında Azərbaycan Milli Ordusunun yaradılması xüsusi yer tutur. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin xarici hərbi müdaxilə nəticəsində süquta uğramasından sonra ölkəmizdə ordu quruculuğu olmamışdır. Əsas vəzifəsi Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olan bu şərəfli milli qurumun yaradılması xalqımızın dahi oğlu, böyük siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı, onun misilsiz vətənpərvərlik fəaliyyəti ilə sıx bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin yüksək milli təəssübkeşliyi, əzmkarlığı, fədakarlığı, yenilməz iradəsi, qətiyyəti sayəsində xalqımızın hərb elminə dərindən yiyələnməsi, müasir hərbi texnikadan istifadə etmək bacarığına malik olan peşəkar milli hərbçi kadrların hazırlanması,hərbi təhsil sisteminin və müəssisələrinin inkişaf etdirilməsi üçün məqsədyönlü səmərəli fəaliyyət həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyev bu gün xalqımıza və dövlətimizə rəşadətlə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı, qurucusu olmuşdur.
Məruzələrdə xüsusi vurğulanıb ki,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Silahlı Qüvvələrin yeni və müasir tələblər və qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçımızın ali diqqət və qayğısı sayəsində Azərbaycanda ordu quruculuğu prosesi uğurla davam etdirilir, Ordumuz müasirləşmə, inkişaf, təkmilləşmə dövrünü yaşayır, Ordumuzun hərbi imkanları sürətlə genişlənir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizatı və müasir hərbi texnika, silah-sursatla təminatı ən yüksək səviyyədədir. Azərbaycan Ordusunun dünyanın ən güclü və müasir orduları sırasında yer alması ölkə rəhbərliyinin bu sahədə uğurla reallaşdırdığı çoxşaxəli səmərəli fəaliyyətin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, hünəri, möhtəşəm diplomatiyası ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları,qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Qarabağın azad edilməsi ilə həm ərazi bütövlüyümüz,həm də milli qürurumuz bərpa edildi.
Xalqımızın Vətən müharibəsində möhtəşəm Qələbə qazanmasında güclü və iradəli dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyev, səmərəli hərbi təlim keçmiş, texniki cəhətdən təchiz olunmuş müasir Ordumuz, əsgər və zabitlərimizin yüksək əhvali-ruhiyyəsi, müharibənin ədalətli xarakter daşıması, səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli hazırlanması, Ordu ilə xalqın birliyi, inkişaf etmiş hərbi-sənaye kompleksi, güclü və çoxşaxəli iqtisadiyyat misilsiz rol oynamışdır.
Bu il iyun ayının 15-də Qarabağın tacı,ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” böyük tarixi və strateji əhəmiyyət kəsb edir. İki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin ən yüksək səviyyəyə çatdığını göstərən Şuşa Bəyannaməsi gələcək üçün müttəfiqlik münasibətlərinin siyasi və hüquqi mexanizmlərini özündə dolğun əks etdirir. Bu Bəyannamə Azərbaycan-Türkiyə həmrəyliyinin, dostluğunun, qardaşlıgının növbəti bariz nümunəsidir.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,kapitan Tofiq Əzimov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov, Tərcümə fakültəsinin tərbiyə işləri üzrə dekan müavini, dosent Quba Məcidova Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin igidliyi, qəhrəmanlığı,rəşadəti və Vətən müharibəsində qazanılmış böyük tarixi Qələbə barədə öz fikirlərini bölüşüblər.
Tədbirdə BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III tədris ili tələbəsi Günel Məmmədova Xalq şairi Zəlimxan Yaqubun ” Ordum varsa,yurdum var”şeirini səsləndirib.
Tədbir yüksək əhvali-ruhiyyə ilə başa çatıb.