Ərdoğanın anonsu: söhbət hansı yeni müqavilələrdən gedə bilər?

“Bütövlükdə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi və Şuşa Bəyannaməsinə uyğun olaraq yeni anlaşmaların olacağı gözlənilir”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki qardaş ölkə arasında yeni müqavilələrin imzalanacağı ilə bağlı açıqlamasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir:
“Bəs, söhbət hansı yeni müqavilələrdən gedə bilər? Əslində, Şuşa Bəyannaməsində əməkdaşlığın yeni istiqamətləri təsbit olunub. Vacib istiqamətlərdən biri məhz bəyannamədə nəzərdə tutulduğu kimi, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilməsidir. Bu il martın 1-dən qüvvəyə minən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi artıq 15 mal qrupu üzrə qarşılıqlı güzəştlərin tətbiq olunmasını əhatə edir. Bu sahədəki anlaşmaların əsas məqsədi iki ölkə arasındakı ticarət dövriyyəsini hədəflənən həcmə çatdırmaqdan ibarətdir. Belə ki, qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”.
Vüqar Bayramov qeyd edib ki, bəyannamənin imzalanmasından sonra bu sahədə yeni addımların atılacağı gözləniləndir:
“Nəticədə iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı hədəflənir. Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edilməsinin bəyannamədə nəzərdə tutulduğunu nəzərə alsaq, bu sahədə də əməkdaşlıq güclənəcək. Türkiyə və Azərbaycan beynəlxalq yükdaşımalar üzrə siyasətlərini əlaqələndirmək üzrə xeyili müddətdir ki, birgə fəaliyyət həyata keçirirlər. Dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağından bu hər iki ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password