“Artıq məqam yetişib, bu kənd də Azərbaycana qaytarılmalıdır”
İrəvan Türk Respublikası olaraq Ermənistanda azərbaycanlıların tərk etdiyi sonuncu kənd – Nüvədi kəndinin sakinlərinin doğma torpaqlarına qayıtmaları və hüquqlarının təmin olunması üçün dünya birliyinə müraciət edilməsi təşəbbüsünü biz qaldırmışıq.
Bu sözləri açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, İrəvan Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib.
Q.Çaxmaqlı bildirib ki, Bakıda olarkən Nüvədi kəndinin sakinləri ilə görüşüb və 500-ə yaxın imza toplayıb:
“Bundan sonra Azərbaycan Respublikasının Milli Məclisinə, eyni zamanda BMT Baş katibinə, ATƏT-ə, BMT-nin İnsan Haqları Şurasına, Ali Komissarlığa, Avropa Şurası Parlament Assambleyasına, onun Baş katibinə, UNESKO-ya və İSESKO-ya iki istiqamətdə müraciət ünvanlamışıq.
İrəvan Türk Respublikası bu məsələni ona görə qaldırıb ki, 1929-cu ildə Nüvədi kəndi Ermənistana Azərbaycan xalqının iradəsinin əleyhinə, qeyri-qanuni şəkildə verilib. Qərar 1929-cu ildə verilsə də, icrası 1969-cu ilə qədər icra edilməyib. 1969-cu ildə isə yenə qanunsuz şəkildə Nüvədi kəndi Ermənistana birləşdirilib. Ermənilər o vaxt Mehri rayonunu yaratmaq istəyirdilər, lakin ərazi kifayət etmirdi. Buna görə də onlar Azərbaycana müraciət etdilər. Nüvədi kəndi də məhz bundan sonra Ermənistana verildi. İrəvan Türk Respublikası bütün beynəlxalq qurumlara müraciətində bu məsələni ətraflı şəkildə faktlar və sübutlarla qeyd edib.
Hüquqi baxımdan Nüvədi kəndinin bu gün geri qaytarılması mümkündür. Çünki bu ərazi Azərbaycan ərazisi olub və qeyri-qanuni şəkildə, heç bir xalq referendumu olmadan Ermənistana verilib. Bu gün də Azərbaycan beynəlxalq aləmdə özünü 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdiyi üçün nəinki Nüvədi kəndinə, Zəngəzur vilayətinə haqq iddia edə bilər. Düşünürəm, artıq vaxt, məqam yetişib və Azərbaycana təkcə Nüvədi kəndinə deyil, Zəngəzura da iddia qaldıra bilər. Çünki Paris sülh konfransının müvafiq qərarları və tərtib edilən xəritələrdə Ermənistanın da, Azərbaycanın da dövlət sərhədləri açıqca öz əksini tapıb”./axar.az