Putinin qızları biznes imperiyasını necə qurur: “Onlar üçün pul problem deyil”
Rusiya prezidenti Vladimir Putinin qızları Mariya və Katerina onilliklər boyunca ictimaiyyət qarşısına çıxmamağa, kölgədə qalmağa çalışır.
Amma Sankt-Peterburqdakı iqtisadi forum vəziyyəti dəyişməyi bacarıb. Putinin qızları elm adamları kimi çıxış ediblər.
“Bild” Rusiya prezidentinin keçmiş həyat yoldaşı Lyudmila ilə nikahından doğulan iki övladının biznes imperiyası haqda yazı hazırlayıb. Burada başqa maraqlı məqamlara da toxunulub.
Almaniya qəzeti əvvəlcə yazıb ki, Putinin kiçik qızı Katerina ana nənəsinin soyadını (Tixonova) daşıyır. Forumda bacısından əvvəl çıxış sözü alan Tixonova Moskva Dövlət Universitetində süni intellekt sahəsinə rəhbərlik edir. Onun başçısı olduğu sektorun sponsorları “Rosneft” və “Rosatom”dur. “Onlar üçün pul problem deyil”, – “Bild” belə yazıb.
Katerina çıxış edəndə aparıcılıq missiyasını üzərinə götürən Sankt-Peterburq Universitetinin rektoru kiçik zarafat etməyi özünə rəva görüb. “Corriere della Sera” qeyd edib ki, ona dilini dinc saxlamaqla bağlı xəbərdarlıq olunub. Putinin qızının çıxışı zamanı zalda inanılmaz sakitlik hökm sürüb.
Katerina gəncliyində idman rəqsləri ilə ciddi məşğul olurmuş. Sonra onun beyninə mebel dizaynerliyi düşüb. Amma Putin yeni istiqamət müəyyənləşdirə bilib. Rusiya prezidenti qızlarını ölkə elminin xilaskarları kimi təqdim edir. FAZ nəşri yazmışdı ki, Rusiyadan xaricə beyin axını var, buna baxmayaraq, Putin ümidini itirmir, texnologiyanı dünyada birinci yerə çıxara biləcəyinə inanır.
Forumun ikinci günündə Mariya Vorontsova çıxış edib. Atasına daha çox oxşayan evin böyük qızı gen mühəndisliyi ilə məşğul olur. Putin bu sahənin inkişafının vacibliyini hər imkanda qeyd edir. Prezident çıxışlarının birində hətta gen mühəndisliyinin əhəmiyyətini nüvə və kosmik layihələrə bərabər tutmuşdu.
Putin qızlarına siyasi səhnəyə çıxmağa şərait yaradacaqmı? “Bild” bu sual üzərində də düşünüb. Alman nəşri hesab edir ki, versiya az inandırıcıdır. Çünki Putin mühafizəkar ailə formatının tərəfdarıdır. “O, qadınları ciddi qəbul etmir”, – “Bild” prezidentin keçmiş həyat yoldaşının sözlərini xatırladıb.
Yazının sonunda Vladimir Putinin keçmiş stüardessa Lyudmila ilə 30 illik nikaha son qoymasından bəhs olunub. Onlar 2014-cü ildə ayrılıblar. Putin publika qarşısında bu haqda bir kəlmə də işlətməyib. Prezident bütün rəsmi bioqrafiya materiallarında nikah faktını sildirib.
“Deyirlər ki, onda artıq Putinin Alina Kabayeva ilə münasibəti vardı. Onlar gizli toy da etmişdilər. Putinin Kabayeva ilə münasibətdən üç övladı olduğu bildirilir. Bu fakt da rəsmi şəkildə təsdiq edilmir”.
“Bild” yazıb ki, gimnast qadın da özünə idmandan kənar yaxşı karyera qura bilib. Kremlə yaxın ölkə telekanalları onun kurasiyasındadır. Maliyyə isə oliqarxlardan gəlir: “Bu göstərir ki, Putinin dəstəyi varsa, qadınlar Rusiyada rahatca karyera qura bilər”.