“Laçın dəhlizinə sülhməramlılar deyil, özümüz nəzarət etməliyik” – Elman Məmmədov
“Sülhməramlılar üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər. Onlar ermənilərə sərf edən, indi də Azərbaycan ərazisində qalan keçmiş qondarma respublikanı və ona aid olan terrorçu dəstələri himayə edir və onların qanunsuz şəkildə orda qalmasına şərait yaradırlar”.
Bu fikirləri açıqlamasında Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov sülhməramlıların fəaliyyətindən danışarkən bildirib.
O, rus sülhməramlılarının öz vəzifələrini yerinə yetirə bilmədiklərini deyib:
“Azərbaycan Qarabağda yerli ermənilərin bizim qanunlarımızı qəbul edərək, orda yaşamalarına etiraz etmir. Amma orda qeyri-qanunu terrorçu, diversant dəstələri mövcuddur. Bu gün orda Arayik Arutyunyanın rəhbərliyi altında əslində keçmiş qondarma dövlət özünün bütün qurumları ilə fəaliyyət göstərir. Onlara bunun üçün şəraiti sülhməramlılar yaradır. Ərazidə qanunsuz yaşayan silahlı birləşmələrin ordan çıxarılması üçün sülhməramlılar öhdəlik götürüblər. Ərazi məhz onlar tərəfindən qeyri-qanunu silahlılardan təmizlənməlidir, amma bu proseslər həyata keçirilmir. Bir neçə gün əvvəl aralarında media nümayəndələri də olan bir neçə şəxs minaya düşərək həlak oldu. Həmin minalar da yola məhz o diversant qrupları tərəfindən basdırılıb”.
Deputat Azərbaycanın hazırda sülhməramlıların nəzarətində olan Laçın dəhlizi ilə bağlı qəti qərar verməsinin lazım olduğunu söyləyib:
“Həmin qrupların bütün təminatı – silah-sursat, hətta yanacaq da Laçın dəhlizi vasitəsilə gətirilir. Bu təxribat addımları davam edə bilər. Ona görə də, Azərbaycan ciddi tələb qoymalı, Laçın dəhlizi ilə bağlı yeni qərar verməlidir. Laçın dəhlizi adlanan ərazi bizim sərhədimizdir, Azərbaycanın ərazisidir. Azərbaycan ermənilərin təxribat addımlarına qarşı Laçın dəhlizi ilə bağlı yeni qərar verə bilər. Hazırda həmin yol tam olaraq sülhməramlıların nəzarətindədir və Ermənistanın nümayəndələri istədikləri şəkildə hərəkət edə bilirlər. Laçın dəhlizində Azərbaycanın sərhəd buraxılış məntəqələri olmalıdır. Öz ərazimizə özümüz nəzarət etməliyik”.
Ermənilərin məhz Laçın dəhlizi vasitəsilə təxribat addımları atdığını bildirən Elman Məmmədov anti-terror əməliyyatlarının da aparılmasının vacibliyinə toxunub:
“Azərbaycan öz ərazisində olan qanunsuz silahlı birləşmələri, terrorçu dəstələri zərərsizləşdirmək üçün təcili anti-terror əməliyyatlarına başlamalıdır. Həmin qanunsuz birləşmələr ərazimizdə qaldıqca daha da güclənə və təhlükəli cinayətlərlə məşğul ola bilərlər. Təxribatçıların qarşısını ya sülhməramlılar almalıdırlar, ya da Azərbaycan öz gücü ilə lazımi addımlara atacaq. Ermənistan bizim üçün xarici dövlətdir, amma bu dövlətin rəsmiləri istədikləri vaxt soruşmadan həmin bölgəyə gəlib-gedirlər. Bu, bizim ərazi bütövlüyümüzə hörmətsizlikdir. Laçın dəhlizinə sülhməramlılar deyil, özümüz nəzarət etməliyik. Həmçinin ərazimizi terrorçulardan təmizləmək üçün vaxtaşırı anti-terror əməliyyatları keçirməliyik”.