Özünü Arsrun kimi aparan Makron: Yelisey sarayı “Baqramyan 33”ə çevrilib

 

“Roma Papasından çox katolik olmaq”. Bu ifadə Paşinyandan çox erməni olmağa çalışan Fransa prezidenti Emmanuel Makrona tam uyğundur.

Minsk qrupunun həmsədr ölkəsi olan Fransa nə Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu 30 il ərzində, nə 44 günlük müharibədə, nə də münaqişənin həllindən sonra daşıdığı missiyaya uyğun mövqe sərgiləməyib. Əgər Makronun prezidentliyindən öncə Fransa işğalçıya dəstəyini çox da açıq etməsə də, Emmanuelin gəlişindən sonra Yelisey sarayı “Baqramyan 33”-ün Avropadakı şöbəsinə çevrildi.

Fransa prezidenti Emmanuel Makron kimdir?

Bu sualın cavabını tapmaq üçün onun bioqrafik məlumatlarına yox, siyasi kimliyinə baxmaq lazımdır:

– Ermənistanın sözçüsü: Fransa prezidenti özünü müharibə vaxtı gülüş doğuran “taktiki geri çəkilmə” açıqlamaları ilə məşhur olan Arsrun Ovannisyandan fərqli aparmır və sanki müharibədən sonra onun vəzifəsini öz üzərinə götürüb;

– Erməni maraqlarının qoruyucusu: Makron Fransa maraqları naminə etmədiyini bu gün Ermənistanın maraqları naminə edir, hətta Azərbaycana erməni dilində çağırış edəcək qədər;

– Ermənistanın informasiya tribunası: Makron erməni mediasının “feyk” məlumatlarına istinadən açıqlamalar verməklə, bu məlumatları beynəlxalq siyasətdə legitimləşdirməyə çalışır, əslində bununla Fransanı da, bu ölkənin rəhbəri statusunu da gözdən salır;

Bu siyahını uzatmaq da olar, lakin dəyişməyən bir həqiqət var: Makron ermənilərdən daha çox ermənilik etməklə məşğuldur.

Nikol Paşinyanı Parisdə qonaq qəbul edən Makron bu simasını növbəti dəfə nümayiş etdirdi.

Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi iddiasını təkrarlayır, Bakıya “əsriləri” qaytarmaq çağırışı edir, sərhəd məsələsinin Ermənistanın xeyrinə həllini tələb edir. Belə demək mümkünsə, Nikol Paşinyanın dediklərini bir-bir təkrar edir.

Azərbaycan tərəfi Fransa prezidentinin iddialarına bir-bir cavab verdi. Hərçənd, Makronun Paşinyanın “dili” olması nə Fransanın böyük dövlət olmaq istəyinə, nə Avropadakı mövqeyinə, nə fransızların maraqlarına uyğun gəlir. Sanki Makronun qərargahı Yelisey sarayı yox, Ermənistanın hökumət binası, özü də Fransanın yox, Ermənistanın prezidentidir.

Emmanuelin mövqeyinin səbəbləri məlumdur.

Birincisi, Fransadakı erməni diasporu/lobbisinin dəstəyini qazanmaq istəyir. Fransa xalqı mövcud sosial problemlərə görə hökuməti tənqid edirlər və belə vəziyyət yerli və Senata keçiriləcək seçkilərdə Makron üçün mənfi nəticələr vəd edir. Makron da Fransa xalqını narazı salan problemləri həll etmək əvəzinə, ermənilərin qanadı altına sığınmağa çalışır. Onun müharibədən sonra erməni diasporunun üzvləri ilə görüşdə “Paşinyana zəng edir və SMS yazırdım, amma o öz təşəbbüsü ilə mənə zəng etmirdi” şikayəti də “yarınmaq” istəyinin ifadə edilməsi idi. Göründüyü kimi, Makron Fransa xalqının maraqlarını öz siyasi karyerasına və erməni yalanlarına qurban verməkdən çəkinmir.

İkincisi, Fransanın münaqişənin həllində iştirak etməməsidir. Bunun səbəbləri məlumdur. Bu ölkə tarix boyu özünü Ermənistanın “böyük bacısı” kimi aparıb və Makronun hakimiyyəti dövründə erməni maraqlarının daha aktiv müdafiəçisi olub, ikincisi, bölgədə yaranmış reallıqda rəsmi Parisə ehtiyac yox idi. Çünki Azərbaycan 30 ildir pozulmuş vəziyyətdə qalan beynəlxalq hüququ özü bərpa etdi.

Makron yeni reallığı qəbul etmək istəmir və Fransanın milli maraqlarının əleyhinə olsa belə, özünü Ovannisyanın səviyyəsinə endirməkdən çəkinmir.

44 günlük müharibədə Azərbaycan Ordusu işğalçı ölkənin ordusunu darmadağın edəndə, iti qovan kimi qovanda Arsrun Ovannisyan reallığı erməni cəmiyyətindən gizlədir, “hər şeyin nəzarətdə olduğunu” deyir və erməni əsgərlərin qaçmasını “taktiki geriçəkilmə” adlandırırdı. Şuşa azad ediləndən sonra Ovannisyanın da qaçmaqdan başqa çarəsi qalmadı.

İndi Makron da Arsrun Ovannisyan kimi reallığı qəbul etmir, Ermənistanı xeyrinə olan bölgədəki proseslərdən kənarlaşdırmağa çalışır və “yanınızdayıq” mesajları ilə erməni xalqını doğru yoldan uzaqlaşdırır. Halbuki, artıq Azərbaycan regional gücdür və bu bölgədə Ermənixtanın mövcud ola bilməsi, normal gələcək qurması üçün yaranmış reallığı qəbul etməsindən, sülhü dəstəkləməsindən başqa yolu yoxdur.

Görünür, Makron da Ovannisyan kimi ermənilər üçün vəziyyət çətinləşəndə “yoxa çıxacaq”.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password