Çavuşoğlu Yunanıstana çağırış etdi: Bundan imtina edin!
Yunanıstanda rəsmi səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yunan mediasına açıqlama verib.
Yunanıstanın “To Vima” qəzetinə danışan M.Çavuşoğlu bildirib ki, həll gözləyən problemləri Avropa İttifaqı deyil, sadəcə Türkiyə və Yunanıstan çözə bilər.
“Ancaq Yunanıstan “Sevilla xəritəsi”ndən imtina etməlidir. Nə ABŞ, nə də Avropa İttifaqı bu xəritəni təsdiq edir. Türkiyənin sadəcə Egey və Aralıq dənizi sahillərilə məhdudlaşacağını düşünmənin Yunanıstan tərəfinin səhv bir hesablaması olduğunu təkrar etməliyəm”, – Çavuşoğlu qeyd edib.
Türkiyə ilə Yunanıstan arasındakı mehriban qonşuluq münasibətlərinə hər zaman nikbin baxdığını qeyd edən türk nazir iki qonşu olaraq eyni coğrafiyada yaşamağa məhkum olduqlarını bildirib: “Buna görə də münasibətlərimizi münaqişə deyil, iş birliyi ilə müəyyənləşdirməliyik. Taleyimizi və irəliyə gedən yolumuzu təyin etmək bizim öz əlimizdədir. Yunanıstandakı təmaslar Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstan Baş naziri Kiriakos Mitsotakis arasında NATO Zirvəsində keçiriləcək görüş üçün zəmin yaratmağa xidmət edəcək”, – M.Çavuşoğlu vurğulayıb.
Kipr məsələsinə toxunan Türkiyə XİN rəhbəri ölkəsinin əsas məqsədinin adadakı iki dövlət arasında suveren bərabərlik və eyni beynəlxalq status əsasında əməkdaşlıq əlaqələri qurmaq olduğunu deyib: “Hamımız keçmişdəki uğursuzluqlardan dərs almalıyıq. BMT Təhlükəsizlik Şurasının keçmiş qətnamələrində israr etmək bizi yalnız qarmaqarışıq bir dairəyə sala bilər. Bu səbəbdən realist, konstruktiv və açıq düşüncəli bir yolla irəliləməliyik”.